30-31 yanvar tarixlərində Bakıda “Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200” Beynəlxalq Kollokviumu adlı tədbir keçiriləcək.
Azərbaycan prezidenti yanında Bilik Fondundan APA-ya verilən məlumata görə, tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub.Eyni zamanda Beynəlxalq Kollokvium “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı məqsədilə 2015-ci il boyu keçiriləcəyi nəzərdə tutulan geniş tədbirlər planının müzakirəsinə çərçivəsində keçirilir.
Kollokviumda Azərbaycanla yanaşı, Avropa ölkələrindən, Türkiyədən qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak edəcəklər. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində təşkil olunacaq.
50-dən çox yerli və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək Beynəlxalq Kollokviumda “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək. Kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul olunacaq.
Beynəlxalq Kollokviumun üzvləri əsasən xarici, iştirakçıları isə yerli elm adamlarıdır. Tədbirdə Azərbaycanın milli və dini icmalarının nümayəndələri - xristian, katolik, udin, alman, yəhudi və başqa icmaların rəhbər şəxsləri iştirak edəcəklər.
Müzakirələrə filoloqlarla yanaşı, riyaziyyatçılar, fiziklər, geoloqlar da qatılacaqlar.