Mədəniyyətlərin yaxınlaşması yolları YUNESKO-da müzakirə olunur

Mədəniyyətlərin yaxınlaşması yolları YUNESKO-da müzakirə olunur backend

Martın 24-də Parisdə YUNESKO-nun Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik (2013-2022) Toplantısı öz işinə başlayıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, iki gün davam edən toplantının əsas məqsədi mədəniyyətlərin yaxınlaşmasına sistematik yanaşmanı təmin etmək, orta və uzun müddətli on illik üçün strategiyaları müəyyənləşdirməkdir.

Tədbiri açan YUNESKO baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Nəşif ekstremizmin artdığı müasir dünyada mədəniyyətlərin yaxınlaşması və dialoqun təşviq edilməsi üçün sistemli fəaliyyətlərin və çoxsaylı təşəbbüslərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Daha sonra mədəniyyətlərin yaxınlaşması proqramının həmmüəlliflərindən olan Qazaxıstanın YUNESKO yanında daimi nümayəndəsi səfir Nurlan Danenov çıxış edərək mədəniyyətlərarası əməkdaşlığın vacibliyini qeyd edib və bu proqramın da bu istiqamətdə mühüm rola malik olduğunu, eləcə də cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun belə təşəbbüslərin təbliği və təşviqi üçün geniş imkanlar yaradacağını bildirib.

Toplantıda BMT, EKOSOS, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO-nun bir sıra ölkələrdəki mərkəzlərinin rəhbərləri, həmçinin antropologiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, qloballaşma, konfliktologiya sahələrində alim və mütəxəssislərin çıxışları nəzərdə tutulur.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərin dialoqu üçün Bakı Prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə təqdimatla çıxışı nəzərdə tutulur.

Tədbirdə, həmçinin Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyi təmsil olunur.
Diaspora