Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində daha bir kitab çap edib. Xalq şairi Vaqif Səmədoğlunun fransız və Azərbaycan dillərində “Bir gün təbəssüm olmuşdum” (Un Jour, J’ai Ete Le Sourire) bilinqva şeirlər kitabı işıq üzü görüb.
Şeirlərin fransız dilinə tərcüməçisi və ön sözün müəllifi Aliyə Məstəliyeva-Səmədova, redaktoru professor An Mari Polodur.Kitabın tərtibçisi şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Kitabda An Mari Polonun şairə ünvanladığı məktub da yer alıb. An Mari Polo yazır: “Aliyə Məstəliyeva-Səmədovanın tərcüməsində, Sizin bir neçə şeirinizi özüm üçün kəşf etdim. Dilin sehri ilə oyanmış gözəl ovqat və xoş hisslər üçün səmimi qəlbdən sizə təşəkkür edirəm. Elə həmin an, mən onları yaxın dostlarıma oxudum və hamı şeirlərə heyran oldu. ”
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlanan, “Mütərcim “ nəşriyyatında nəfis dizayn və yüksək poliqrafiya ilə çap edilən kitabın səhifələmə və dizaynı Emil Camalova aiddir.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu kitabla bağlı açıqlamasında bunları deyib: “Vaqif Səmədoğlu bizim müasir poeziyamızda az-az miqyaslı şairlərdən biri idi. Onun irsinin təbliği, tərcüməsi vacibdir. Ümid edirik ki, ən azı Fransa ədəbiyyat mütəxəssislərinə çatdıra biləcəyik kitabı. Tərcümələr, adaptasiya, redaktura peşəkarlıqla edilib. Biz Aliyə xanımın işini yüksək qiymətləndiririk. Belə nəşrlərin olması vacibdir...”