Gənclər və İdman Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncədə “Tarixin canlı səhifələri” IV Gənclər festivalı keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, Gəncənin “Yeni qızılca” ərazisində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər icra başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak ediblər.
400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda Babək, Cahan Pəhləvan, Qara Yusif və Cavad xanın keçdiyi qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirilib. Ümumilikdə iki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhrəmanlar dünyasına səyahətə aparıb. Festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.
Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncamı imzalanıb. Tədbir sərəncamdan irəli gələn vəzifələri icra etmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına müvafiq keçirilib.