Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Astana Balet” teatr kollektivinin çıxışı olacaq. Kulisin Opera və Balet Teatrının mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə təqdim ediləcək proqram “Şərq rapsodiyası” adlanır və müxtəlif stillərdə olan nömrələrdən ibarətdir.
Proqrama ayrı-ayrı xalqların koloritini əks etdirən parlaq rəqslər daxil edilmiş və rəqslərin quruluşu müxtəlif qazax və habelə xarici baletmeysterlər tərəfindən həyata keçirilmişdir.“Şərq rapsodiyası”nın proqramında N.Rimski-Korsakov, Q.Qarayev və A.Borodin kimi dünya klassiklərinin musiqiləri, həmçinin milli xoreoqrafik kompozisiyalar – “Kus-Jolı”, “Kız Jibek”, “Qazax valsı” və s. nömrələr səslənəcəkdir.
Müasir xoreoqrafiya yeni istiqamət və cərəyanı təmsil edən “Astana balet”in kollektivi maraqlı yaradıcı layihələrlə bir sıra ölkələrdə və şəhərlərdə - Pekin, Şanxay (Çin), Seul (Koreya), Paris (Fransa), Vyana (Avstriya), Moskva, Sankt-Peterburq (Rusiya) və s. qastrol səfərlərində olmuşdur.
Bu kollektivin tamaşaçıları arasında müxtəlif nəsillərin nümayəndələri vardır.