Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi 20-22 mart tarixlərində Bakıda II “Bakı Novruz Salsa Festivalı”nı keçirəcək. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir ustalıq dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarətdir.
Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri göstəriləcək. Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrin dünya şöhrətli müəllimləri dəvət olunub.