Prezident İlham Əliyev Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli Azərbaycan şairi Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.Qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun) anadan olmasının 120 ili tamam olur. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb.