Aprelin 20-də, sabah Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm nazirliyinin nümayəndələri, Dövlət Musiqili Teatrı kollektivi və gülüş ustasının yaxınları, doğmaları onun Fəxri xiyabandakı məzarını ziyarət edəcəklər. Musiqili Teatrdan Lent.az-a verilən məlumata görə, bu ilin noyabr ayında isə teatrda korifey sənətkarın yubiley gecəsi keçiriləcək.
Qeyd edək ki, N. Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar prezident sərəncam imzalayıb. Yubiley münasibəti ilə Mədəniyyət və Turizm nazirliyi Musiqili Teatrla birgə sənətkarın 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək.Xatırladaq ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktrisanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.