O, “Hour of the Wolf” mahnısını ifa edəcək. Martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il “Eurovision” Mahnı Müsabiqəsində təmsil ədəcək olan müğənninin adını açıqlayıb.
İTV-dən APA-ya verilən məlumata görə, Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.Qeyd edək ki, E. Hüseynov 2008-ci ildə də duet ortağı Samirlə birlikdə “Day After Day” mahnısı ilə Azərbaycanı “Eurovision”da təmsil edib.
E. Hüseynov “Eurovision 2015”I özünü solo ifaçı kimi təsdiq etmək üçün “böyük şans” adlandırıb: “Mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm”.
E. Hüeseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olub. O, “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa edib. O, həmçinin beynəlxalq səs istedadları şousu - “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub.
Xatırladaq ki, Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində uğurla debüt edib, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlib. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.
***
12:57
Azərbaycanı builki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi olub.
APA-nın məlumatına görə, İctimai Televiziyanın Baş Direktoru Cəmil Quliyev və nümayəndə heyətinin rəhbəri Tamilla Şirinovanın da daxil olduğu münsiflər heyəti Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edə biləcək son üç nəfəri - Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynovu müəyyən edib.
Qalib ifaçının adı isə bu gün açıqlanacaq.