Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bədii Şuranın üzvləri aprel, may, iyun, iyul ayları üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək. Tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Baladadaşın toy hamamı” (Elçin), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Skapenin kələkləri” (J.B. Molyer), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və başqa tamaşaları izləyə biləcəklər.
Qarşıdakı dörd ay ərzində tamaşaçılar Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nərgiz Kərimova, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Svetlana Bulax, Əkbər Əlizadə, Emma Məlikova, Boris Qrafkin, eləcə də gənc və istedadlı, artıq tamaşaçıların rəğbətini qazanmış aktyorlar Əmrah Dadaşov, Ülviyyə Əliyeva, Ruslan Mürsəlov, Marina Litvenenko, Əliməmməd Novruzov, Gültac Əlili, Emil Heydərov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Gülcahan Salamova, Elçin İmanov, Nadejda Povelitsina, Möylə Mirzəliyev, Yuliya Heydərova, Ağaxan Şərifov, Gülnarə Əzimova, Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər.
Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.