Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda birliyin və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin qadınlar şurasının birgə təşkilatçılığı ilə xalq şairi Söhrab Tahirin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
"Report" xəbər verir ki, xalq şairi xəstə olduğundan tədbirdə iştirak edə bilməyib.AYB-nin sədri, xalq yazıçısı Anar şairin həyat yolundan və bənzərsiz yaradıcılığından söhbət açıb. O, Söhrab Tahirin "İki bölünməkdən elə qorxmuşam, bir kibriti belə iki bölmərəm" fikrinin zərb-məsələ çevrildiyini deyib.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Söhrab Tahirin 19 romanı, cildlərlə şeirlər kitabı var: "Sonuncu yazdığı əsər "Ata" poemasıdır. Poemada 70 min misra var. Zarafatla Söhrab müəllimə demişəm ki, "Sizin poemada misraların sayı "Şahnamə"dən çoxdur". Söhrab Tahir Vətən ayrılığından Araz dərdindən yazan, bu dərdi sözlərlə ovudan şairdir"
Xalq şairi, AYB-nin Ağsaqqlar Şurasının sədri Nəriman Həsənzadə Söhrab Tahirlə aralarında olan uzun illərin dostluğundan danışıb: "Mən Söhrabdan 5 yaş kiçiyəm. Amma Söhraba əmi deyə müraciət edirəm. Əlbəttə, bu zarafat qarışıq ciddiyyətdən doğur. Belə ki, bizim nəsil Söhraba böyük kimi, ağsaqqal kimi baxıb. Ona hörmət əlaməti olaraq əmi deyirik. Söhrab Tahir böyük şairdir. Bizim nəslin böyüyüdür. Söhrab Tahir parçalanmış vətənin oğludur. Bir zamanlar Seyid Cəfər Pişəvərinin yaxın silahdaşlarından olub. Onun möhürdarı vəzifəsini icra edib. Söhrab Tahir yaradıcılığında ikiyə bölünmüş Azərbaycanı birləşdirib. Mən bu gün Məmməd Arazı, Xəlil Rzanı xatırlayıram. Biz birlikdə Moskvada təhsil almışıq. Dost olmuşuq. Bu gün səhər onunla telefonla danışdım. Təəssüf ki, bura gələ bilmədi".
Tədbirdə bildirilib ki, Söhrab Tahirin doğum günü mart ayındadır. Sadəcə, sənəddə avqustda doğulduğu yazılıb.
Şairi yubiley tədbirində oğlu Tahir təmsil edib, atasının salamını, ürək sözlərini tədbir iştirakçılarına çatdırıb.
Xatırladaq ki, Söhrab Tahir 1916-cı ildə Cənubi Azərbaycanda dünyaya gəlib.