Martın 15-də Azərbaycanın Kanadadakı səfirliyinin və Ottavada fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbinin birgə təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar Qatino şəhərində ziyafət təşkil edilib.
Qaziler.az-ın məlumatına görə, səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirində Ottava və Toronto şəhərlərində yaşayan həmvətənlilərimiz iştirak ediblər.Tədbirin açılışında beş illik yubileyini qeyd edən “Qarabağ” məktəbinin şagirdlərinin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Məktəbinin direktoru Vüsalə Əhmədova çıxış edərək Novruz bayramı münasibətilə qonaqları təbrik edib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli bayram münasibətilə həmvətənlərimizi təbrik edib və Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı mənəvi sərvəti - Novruz bayramının əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, vurğulayıb ki, Novruz Azərbaycan xalqının zəngin mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə yaşadan böyük mədəniyyət hadisəsidir.
Çıxışlardan sonra şagirdlər Azərbaycanın xalq mahnılarını səsləndirib, şerlər söyləyib və milli rəqslər nümayiş etdiriblər.
Sonra qonaqlar Azərbaycan şirniyyatlarından dadıblar.
Tədbirdə, həmçinin Novruz üçün xarakterik olan Azərbaycan bayram xonçaları nümayiş etdirilib.