Martın 17-də Azərbaycanın Qırğızıstandakı səfirliyi “Roza Otunbayeva Təşəbbüsü” Fondu ilə birgə Bişkek şəhərindəki Kalıy Moldobasanov adına Milli Konservatoriyada “Musiqi xalqın ürəyidir” adlı Azərbaycan musiqisi bayramı keçirəcək.
Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Qırğızıstanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və Qırğızıstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər. Tədbir Qırğız Respublikasının dövlət kanalı olan İctimai Televiziya və Radio Verilişləri Korporasiyası (KTRK) tərəfindən birbaşa yayımlanacaq.Azərbaycanın və Qırğızıstanın görkəmli müğənnilərinin, Qırğız Respublikası Opera və Balet Teatrının solistlərinin ifası ilə Üzeyir Hacıbəyovun “Arşin mal alan” operettasından duetlər, burda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının, Qırğız-Türk “Manas” Universitetinin “Türk Dünyası Orkestrası”nın repertuarlarında olan Azərbaycan mahnıları ilə zəngin proqram tədbir iştirakçılarına nümayiş olunacaq. Həmçinin, tədbir zamanı Novruz bayramının Azərbaycanda necə qeyd olunması ilə bağlı tədbir iştirakçılarına səhnələr göstəriləcək və video materiallar təqdim olunacaq.