Azərbaycanlının sevgisindən film çəkən rejissor “Oskar“ aldı

Azərbaycanlının sevgisindən film çəkən rejissor “Oskar“ aldı backend

Asif Kapadianın 2015-ci ildə çəkdiyi ekran əsəri - “Emi” “Ən yaxşı tammetrajlı sənədli film” seçilib.

“Əli və Nino” filminin rejissoru Asif Kapadianın 2015-ci ildə çəkdiyi ekran əsəri - “Emi” (“Amy”) “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar” mükafatı alıb. ANS PRESS-in məlumatına görə, müsəlman rejissorun filmində 2011-ci ildə vəfat edən qalmaqallı müğənni Emi Uaynhaus həyatından bəhs edilir.

Sənədli filmdə avtobioqrafik mətnlər, ailənin şəxsi video arxivindən olan videolar, ona yaxın adamlar və həmkarların müsahibələrindən istifadə olunaraq Eminin yaşadığı dünya tamaşaçılara təqdim olunub.

Filmdə, həmçinin daha əvvəl mərhum müğənninin heç yerdə ifa etmədiyi mahnılar və onun gənc yaşlarında ilk ifalarını əks etdirən görüntülər yer alıb.

Əlavə edək ki, yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak edir. “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Ötən gecə Los-Ancelesdə 88-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib. Leonardo Di Kaprio "Sağ qalmış" filmində canlandırdığı rola görə "ən yaxşı aktyor" nominasiyasında qalib gəlib. Həmin filmin rejissoru Alexandro Qonsaless İnyaritto isə ilin ən yaxşı rejissoiru seçilib.
Diaspora