İzmirdə Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının təqdimatı və imzalanma mərasimi olub. Lent.az-ın məlumatına görə, Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər.
Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib.Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan Qənirə Paşayeva bildirib ki, çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər. "Qarabağ problemi harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir" deyən Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb. Q. Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüz ildə dünyanın gözü önündə ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.