Bakıda “Robinzon və doqquz Cümə” - bədii tammetrajlı macəra filminin nümayişi baş tutub. Trend-in məlumatına görə, maraqlı premyeradan öncə filmin yaradıcı heyəti geniş mətbuat konfransında iştirak ediblər. Xatırladaq ki, layihə Britaniya-Gürcüstan Ticarət Palatası (BGSS) və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyilə həyata keçirilib.
Bu, “K-production” şirkətinin artıq üçüncü filmidir. Filmdə Paata Quliaşvili, Natiya Tsitsilaşvili, Salome Kokuaşvili, Lika Korkiya, Mariyam Sanoqo, həmçinin xüsusi dəvətlə - Polad Bülbüloğlu, Buba Kikabidze, Manana Caparidze, İrakli Pirsxalava, Keti Topuriya, Bəhram Bağırzadə, Nani Breqvadze, Kaxi Kavsadzeb, Lutsiya Luşik rol alıblar.
Filmin maraqlı sujet xətti var: Kuryer şirkətində çalışan baş qəhrəmanın (Paata Quliaşvili) ailəsində dözülməz bir vəziyyət yaranıb – pis xasiyyətli həyat yoldaşı, yetkinlik yaşına çatmış amma cəmiyyətdə özünü apara bilməyən və şıltaq övlad, işlə bağlı problemlər. Günlərin bir günü yatmağa gedən baş qəhrəman (səhərsi gün bağlama aparmaq üçün Bakıya səfər etməlidir) yuxuda, yoxsa gerçəkdə ağ geyimli bir qoca (Buba Kikabidze) ilə rastlaşır. Bu qoca onu yaxşı mənada öyrədir, və Bakıya gedib öz xöşbəxtliyini məhz orada axtarmağı məsləhət görür.
Qoca ona bir açar və nəsiyyət verir: həmin açarın açdığı qapının o tərəfində o, öz xöşbəxtliyinə və sakitliyə qovuşacaq. Səhər yuxudan oyanan qəhrəmanımız (Robinzon) baş verənlərin yuxu və ya gerçək olduğu barəsində düşünərkən qocanın ona verdiyi açarın öz boynunda sallandığını görür.
Ailə üzvlərinə heç bir söz demədən baş qəhrəmanımız turizm şirkətinə yollanır və orada kurortlardan birisində otaq sifariş edir, və təyyarə bileti də alıb tez-tələsik bu şəhəri tərk edir (eyni zamanda o, qarşısına çıxan bütün qapıları qocanın ona verdiyi həmin açarla açmağa cəhd edir).
Onun məzəli macəraları elə təyyarədən başlayır. Həddindən artıq spirtli içki qəbul edən baş qəhrəman siqaret çəkmək üçün özünə bir yer axtararkən təyyarənin baqaj bölməsinə gəlib çıxır. Siqaret çəkdiyi an o, orada bir qapı görüb onu öz açarı ilə açmağa çalışır. Qapı açılır və o, təyyarədən çölə düşür….Huşa gəldikdə baş qəhrəman özünü kəşf edilməmiş bir adada olduğunu aşkar edir.
Filmin rejissoru Georgiy Kikalişvili, ssenari müəllifləri Nika Ramişvili, Georgiy Kikalişvili, Keti Mikanadze, baş prodüseri Keti Mikanadze, quruluşçu operatoru Bakar Şaraşenidzedir. Filmin musiqisi isə azərbaycanlı bəstəkar Fərhad Bədəlbəyliyə və gürcü bəstəkarı Dato Xucadzeyə məxsusdur.