Azərbaycanın bütün şəhər və rayonlarının mərkəzi kitabxanalarında nağıl otaqları yaradılıb. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib. Həmin otaqların müxtəlif oyuncaqlarla, nağıl qəhrəmanlarının kostyumları, səsli disklərlə təmin edildiyini deyən nazirlik rəsmisi artıq nağıl otaqlarının uşaqlarda maraq yaratdığını söyləyib.
L.Məmmədov deyib ki, bu ilin fevralında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatının təbliğ edilməsi haqqında əmr imzalayıb.Kitabxanalarda kifayət qədər uşaq ədəbiyyatının olmadığını deyən L.Məmmədova bunun səbəbini respublikada uşaq ədəbiyyatının az nəşr olunması ilə izah edib: “Kitabxanaları həm ənənəvi, həm də “danışan” kitablarla təmin etməyə çalışırıq. Biz ənənəvi kitabdan imtina edə bilmərik, çünki bu kitablar uşaqlara tamam başqa hisslər aşılayır. Amma, ümumiyyətlə, respublikada uşaq ədəbiyyatı ilə bağlı problem var. Buna görə də nazir Əbülfəs Qarayev uşaq ədəbiyyatı ilə ciddi məşğul olmaq üçün tapşırıqlar verilib”.
O deyib ki, əmrə uyğun olaraq, 1940-1960-cı illərdə nəşr olunan uşaq kitabları “Bərpa-nəşr” layihəsi çərçivəsində yenidən nəşr olunacaq.
Artıq həmin kitabların siyahısının da tərtib olunduğunu deyən L.Məmmədova təkrar nəşr üçün 50 adda kitabın müəyyənləşdirildiyini deyib.
Onun sözlərinə görə, həmin kitablar bu il ərzində 500-1000 tirajla nəşr olunaraq, nazirlik tərəfindən bütün uşaq kitabxanalarına pulsuz paylanılacaq: “Nizami Gəncəvinin “Sehirli üzük” əsəri 1941-ci ildən, “Simnar” əsəri 1964-cü ildən sonra nəşr olunmayıb. Həmin əsərlər yenidən nəşr ediləcək. Bununla yanaşı, Rəsul Rzanın bir sıra əsərləri, türk xalqlarının nağılları və s. bu il ərzində çap olunaraq kitabxanalara paylanacaq”.
L.Məmmədova qeyd edib ki, hazırda ölkədə 2800-ə yaxın kitabxana var. Onlardan 80-i mərkəzi kitabxanadır. Mərkəzi kitabxanaların hər birində müstəqil uşaq şöbəsi var, 2730 kitabxana filialının hər birində uşaq bölməsi var.