Dövlət Mahnı Teatrında əməkdar mədəniyyət işçisi Əhliman Rəhimovun 60 illik yubiley gecəsi keçirilib.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən xalq şairi Zəlimxan Yaqub bildirib ki, Aşıq Əhliman yaradıcılığı ilə Azərbaycan aşıq sənətinə öz töhfələrini verib: “Bu gün Şirvan aşıq məktəbinin zəngin ənənələri Aşıq Əhliman kimi sənət adamlarının timsalında yüksək səviyyədə qorunur və davam etdirilir. İnanırıq ki, yubilyar hələ qarşıda neçə-neçə onilliklərdə Dədə Qorqud yadigarı olan qədim saz-söz sənətimizin inkişafına, gələcək nəsillərə çatdırılmasına töhfələr verəcək”.
Tədbirin aparıcısı, professor Qəzənfər Paşayev, akademik Vasim Məmmədəliyev, professor Məhərrəm Qasımlı və başqaları çıxış edərək yubilyara xoş arzularını çatdırıblar.
Tədbirdə Mətanət İsgəndərli, Azad Şükürov, Ağalar Bayramov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın aktyorları Şəhla Əliqızı, Elnar Qarayev, “Çeşmə”, “Rasimlər” aşıq qrupları çıxış edərək yubilyara təbriklərini çatdırıblar.