Fevralın 11-də Tehranın Bəharan bələdiyyəsinin sosial şöbəsinin binasında İran Aşıqlar Birliyinin daimi fəaliyyət göstərməsi üçün ayrılmış məkanın açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Tehran Şəhər Şurasının üzvü və Şuranın mədəniyyət şöbəsinin rəhbəri Əhməd Həkimpur, Tehran bələdiyyəsinin mədəni işlər üzrə müavini İsmayıl Hacı Əli Əkbəri, İranda nəşr olunan “Etimad” qəzetinin baş redaktoru, sabiq deputat Elyas Həzrəti, İran Aşıqlar Birliyinin təsisçisi Aşıq Kövsərəli Şahbazi (Səlcuq), Muğan aşıq evinin təmsilçiləri, İranda fəaliyyət göstərən aşıqlar iştirak ediblər.Tədbirdə çıxış edənlər İran Aşıqlar Birliyinin fəaliyyətinin davamlı və məhsuldar olmasını arzu edib, onun aşıq sənətinin təbliğinə verə biləcəyi töhfələri diqqətə çatdırıblar.
Daha sonra Tehran bələdiyyəsinin nümayəndələri ilə İran Aşıqlar Birliyinin təmsilçiləri arasında birliyin fəaliyyətinə dair müzakirələr aparılıb. Tədbirin mədəni hissəsində rəngarəng aşıq havaları səsləndirilib.