İlhamə Quliyeva prokurorluğa çağırıldı

İlhamə Quliyeva prokurorluğa çağırıldı backend

Müğənni İlhamə Quliyeva Bakı Şəhər Prokurorluğunda dindirilib. Musavat.com-a daxil olan məlumata görə, fevralın 10-da baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.

Məlumatda bildirilib ki, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib.

Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror müğənninin evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək məcburiyyətində qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmış araşdırmalar çərçivəsində baş tutduğu deyilir.

Mehriban Hüseynova məhbəsdən “Yeni Müsavat”a son dərəcə ilginc məlumatlarla zəngin məktub yollayıb.

Məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşayət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var.

“Əslində, İlhamə ekrana çıxıb mənim xalqım, mənim dövlətim, mənim kimim... və s. deməsi yalan və süni sözlərdir. Çünki evdə dövlətimizin mötəbər, yüksək xanımların televiziyada görəndə onları söyür, haqlarında nalayiq sözlər işlədirdi. Mən iradımı bildirəndə isə üstümə qışqıraraq “sən səsini kəs! Efirdə deməyimə baxma, məcburam, ondan zəhləm gedir” – deyirdi. İlhamə Quliyevanı yaxından tanıyan hər bir kəs bilir ki, o, özünü nəinki Azərbaycanda, Qafqaz və bütün türk dünyasında ən birinci xanım hesab edir”, - məktubda bildirilib.

M.Hüseynova bu məsələ ilə bağlı səs yazısını istintaqa təqdim etdiyini də bildirib. Həmin səs yazısını digər ünvanlara da yolladığını açıqlayıb.

Məsələyə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxlanılıb. Lakin İ.Quliyeva telefon zəngini cavabsız qoyub.

Baş Prokurorluğun mətbuat xidmətindən isə sorğunu qəbul edib cavablandıracaqlarını bildirdilər.
Diaspora