Azərbaycanda ilk Buktreyler Festivalı keçiriləcək. Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. O, Lent.az-a açıqlamasında festivalın məqsədi haqqında danışıb: “Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır. Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması və buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır”.
O bildirib ki, Buktreyler Festivalının mütəmadi olaraq ildə bir dəfə olmaqla hər il keçirilməsi nəzərdə tutulur. Festivala təqdim olunan filmlər internet və sosial şəbəkələrdə yerləşdiriləcək. Filmlər Təşkilat komitəsi tərəfindən baxılaraq qısa siyahıyı seçiləcəkdir və Festival günü geniş ekranda nümayiş ediləcəkdir.
Qaliblər Münsiflər Heyəti tərəfindən müəyyən olunacaq. Münsiflər heyətinin tərkibinə Festivalın məzmununa uyğun sahələrdə nüfuzlu peşəkarlar daxil olacaqdır, hələlik onların adları Festivalın obyektivliyi səbəbindən açıqlanmır.