Fevralın 21-də Bakıda növbəti II “Mövsüm Səyahət Yarmarkası” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, nazirliyin dəstəyi ilə baş tutacaq yarmarkada 25-dək turizm şirkətinin və mehmanxananın nümayəndələri məhsullarını təqdim edəcək.
II “Mövsüm Səyahət Yarmarkası” bu dəfə “28 Mall” ticarət mərkəzində keçiriləcək. Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi məqsədilə baş tutacaq növbəti yarmarka Novruz bayramı münasibətilə təşkil edilir.Yarmarkada Azərbaycan daxilində reallaşdırılacaq Novruz turları, Bakıda və regionlarda fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində təşkil ediləcək bayram proqramları və bu münasibətlə hazırlanmış turpaketlər barədə ölkə vətəndaşlarına məlumatlar veriləcək.