Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında balacalar üçün "Dəcəl keçi" adlı yeni tamaşanın premyerası olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalq nağılları əsasında gənc yazıçı Pərvinin səhnə üçün qələmə aldığı tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti isə Sona Mustafayevadır.Rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.
Martın 8-də isə Gənc Tamaşaçılar Teatrında ərəb xalq nağılı əsasında hazırlanan "Ələddinin sehrli çırağı" tamaşası 120-ci dəfə nümayiş etdiriləcək. Quruluş və musiqi tərtibatı teatrın rejissoru, əməkdar artist Nicat Kazımova məxsusdur. Quruluşçu rəssam Mustafa Mustafayev, tryukların quruluşçusu İsa Əsədov, rejissor assistenti isə Vüsal Mehrəliyevdir.
İkihissəli nağıl tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Natiq Fərzəliyev və başqaları iştirak edirlər.