Romada “Şuşa qalası” filmi nümayiş olunub

Romada “Şuşa qalası” filmi nümayiş olunub backend

Romadakı La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) vitse-prezidenti Məryəm Mehdiyevanın moderatorluğu ilə keçirilmiş tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbiri açan Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier bildirib ki, tarixə nəzər saldıqda azadlıq uğrunda gedən mübarizədə xalqlarımızın şəhid verdiyinin şahidi oluruq. Azərbaycanın müstəqillik tarixi barədə artıq İtaliya ictimaiyyətinin də məlumatlı olduğunu bildirən D. Pommier 20 Yanvar gecəsi həyatını itirmiş insanların əziz xatirəsinin ehtiramla yad edib.

Azərbaycanın İtaliyadakı müvəqqəti işlər vəkili Vüqar Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusunun heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutmasından danışıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərsəyə gəlmiş “Şuşa qalası” filminin təqdimatı olub.

Şuranın əməkdaşı Toğrul Məmmədli çıxış edərək azərbaycanlı tələbələrin xaricdə təhsil aldıqları universitetlərdə, iştirak etdikləri tədbirlərdə ölkəmizlə bağlı həqiqətləri, o cümlədən 20 Yanvar faciəsi haqqında məlumatları təbliğ etməkdə fəal olmağa çağırıb. Bildirib ki, dövlətimiz gənclərimizin bu kimi tədbirlər keçirməsinə hər zaman dəstək olur. Şura da öz növbəsində müvafiq istiqamətdə irəli sürülən təşəbbüslərə dəstək olmağa hər zaman hazırdır. Azərbaycan reallıqlarının təbliği hər bir azərbaycanlı gəncin borcudur.

AİGA-nın həmsədri Emin Rüstəmov, “Şuşa qalası” filminin rejissoru Nihad İsa, İtaliyadakı Rəqs Missiyası Assosiasiyasının prezidenti Raissa Salaxova çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyiblər.

Sonda “Şuşa qalası” filmi nümayiş edilib.
Diaspora