“Yuğ” teatrının sökülməsi sənət adamlarının narahatlığına səbəb olub - SORĞU

“Yuğ” teatrının sökülməsi sənət adamlarının narahatlığına səbəb olub - SORĞU backend

Yasamal rayonu ərazisində aparılan söküntü və abadlıq işləri ilə əlaqədar həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” Teatrının binasının da sökülməsi nəzərdə tutulub. APA-nın məlumatına görə, bir neçə gün əvvəl Mədəniyyət və Turizm Nazirliyinin rəsmi açıqlanmasında qeyd olunub ki, nazirlik tərəfindən teatrın kollektivinin müvəqqəti yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir.İctimaiyyətin Dövlət “Yuğ” Teatrının fəaliyyətinin dayandırılması ilə bağlı narahatlığını nəzərə alıb, tanınmış ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin fikirlərini öyrəndik. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla bildirib ki, “Yuğ” teatrını qorumaq lazımdır: “Orada yığılan professional təcrübənin qədrini bilmək vacibdir. Amma ölkədəki mövcud vəziyyəti də obyektiv qiymətləndirmək labüddür”.


K. Abdulla yeni təkliflə çıxış edib: ““Yuğ" sənət dilinə və ənənələrinə bizdə uyğun gələn teatr “Pantonima” teatrıdır. Bu teatrların kollektivləri eyni bədii-estetik müstəvidə bir-birini tamamlayırlar. Bu iki teatrın mənən birləşməsi, elə bilirəm ki, bu gün söhbət mövzusu ola bilər. Bir teatr çərçivəsində iki truppa kimi. Daha uyğun gələcəkdə şərait tələb edərsə, bu inteqrasiyanın yenidən diferensasiyaya “uğraması” heç bir problem yaratmaz”.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin sədri, yazıçı Afaq Məsud bildirib ki, kollektivin işini davam etdirməsi üçün “Yuğ” Teatrına yeni binanın veriləcəyinə əmindir: ““Yuğ” Azərbaycanda Vaqif İbrahimoğlunun yaratdığı yeni teatr ənənəsidir. Bu gün o teatr həmin ənənəni qoruyub saxlayır, kifayət qədər gözəl tamaşalar qoyulur, orada gözəl aktyor və rejissor heyəti fəaliyyət göstərir. Şübhəsiz ki, “Yuğ” teatrının varlığı Azərbaycan mədəniyyəti üçün böyük hadisədir və hadisə olaraq qalır. Əminəm ki, kollektivin işinin davamı üçün “Yuğ” teatrına yeni bina veriləcək. Nə mümkündürsə, ediləcək və edilməlidir. Çünki “Yuğ” teatrı fərqli bir mədəniyyət hadisəsidir”.

Teatrşünas Aydın Talıbzadə teatr ətrafında aparılan müzakirələri “Yuğ” teatrının faciəsi kimi qavramağı düzgün saymadığını qeyd edib: “Vaxtilə Vaqif İbrahimoğlu çox sevinirdi ki, bu hamam-binanı onun teatr ideyasını gerçəkləşdirməkdən ötrü uyğunlaşdırıblar. Yalnız bu qədər. Lakin şəxsi söhbətlərimiz zamanı Vaqif mənə söyləyirdi ki, imkansızlıq ucbatından o, belə işləməyə məcburdur. Əslində, “Yuğ” teatrının binası “otaq teatrı” variantıdır. Zənnimcə, “Yuğ” teatrı daha ora sığmır. Çünki müasir “Yuğ” teatrı tamam fərqli estetik tendensiyalara köklənməkdədir. Sənətdə, ədəbiyyatda təkrar yoxdur. Sənət və ədəbiyyatda təkcə təkrarsız özəllik yaşayır. “Yuğ” teatrı da artıq yetərincə hızlı bir şəkildə başqalaşmaqdadır. Buna yalnız sevinmək lazımdır. Mən onların köç əhvalatına məhz bu prizmadan yanaşıram. Hər şey yaxşılığa doğru. Amma və lakin... Mən heç cür istəməzdim ki, “köç” adı ilə “Yuğ” teatrı çöllərə və ya çalışmaq üçün yararsız bir binaya atılsın. “Yuğ” teatrını qorumaq yox, yaşatmaq lazımdır və bu, bizim hamımıza lazımdır”.

Yazıçı-dramaturq Əli Əmirli “”Yuğ” teatrını öz estetikası və yaradıcılıq yolu olan unikal teatr kimi dəyərləndirib. Ə. Əmirli vurğulayıb ki, teatrı qoruyub saxlamaq lazımıdır: ““Yuğ”un taleyini adi binanın taleyi ilə bağlamaq olmaz. Hesab edirəm ki, teatrın indiki binasının tarixi əhəmiyyəti hətta o qədər olmasa da, məhz “Yuğ”a görə əhəmiyyətlidir və həmin binanı saxlamaq olar. İnanmıram, hansısa qəribə plan olsun ki, teatrın binasının sökülməsi vacib olsun. Əgər bu mümkün deyilsə, şübhəsiz ki, teatra şəhərin mərkəzində yaxşı bir yer vermək lazımdır. “Yuğ” unikal teatrdır və teatrlarımızın cərgəsində onun xüsusi yeri var, onu Vaqif İbrahimoğlunun xatirəsinə görə saxlamaq lazımdır. Teatrın gözəl kollektivi və gözəl repertuarı var. Mən “Yuğ” teatrını hansısa teatrın nəzdinə verməyi də düzgün hesab etmirəm. Bu teatr müstəqil və özünəməxsus binada yerləşməlidir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov “Yuğ” teatrı və onun binası ətrafında aparılan müzakirələrin onu narahat etdiyini dilə gətirib. Şöbə müdiri inanır ki, teatrın binası sökülsə də, ona Bakının ucqarlarında yox, məhz mərkəzi hissəsində uyğun bina veriləcək: ““Yuğ” teatrı Azərbaycan teatr məkanında öz sözü, mövqeyi, ən asası isə özünəməxsus poetikası olan teatrdır. Bir məqamı xatırladım ki, Vaqif İbrahimoğlunun yadigarı olan teatr 1990-cı ildə 20 Yanvarərəfəsində yaradılıb və bu hesabla Azərbaycanın müstəqilliyi ilə yaşıddır. Digər bir məqam odur ki, “Yuğ”un poetikası milli köklərə, milli yaddaşa, meydan teatrına və epik teatr ənənələrinə söykənir. Azərbaycan dünya teatr məkanında əriyib yox olmaq istəmirsə, bunu məhz “Yuğ” kimi milli köklərə bağlı, öz poetikası olan teatrla etmək olar. “Yuğ” teatrı və onun binası ilə bağlı olan son hadisələr məni çox narahat edir. İnanmaq istəyirəm ki, teatrın binası sökülsə belə, ona Bakının ucqarlarında yox, şəhərin məhz mərkəzi hissəsində uyğun bina veriləcək. Düşünürəm ki, bunu Mədəniyyət və Turizm Nazirliyi də fikirləşir və bu barədə narahatdır. İnanıram ki, onlar da bu yöndə tədbirlər görəcəklər”.

“Vaqif İbrahimoğlu təkcə Azərbaycan teatrında yox, ümumən Azərbaycan mədəniyyətində bir mərhələ idi. O, şəxsiyyəti və istedadı ilə Azərbaycan teatrına yeni ab-hava gətirdi. Vaqif İbrahimoğlunun tamaşalarına tez-tez və böyük məmnuniyyətlə gedirdim. Vaqif gözəl bir teatr ənənəsinin əsasını qoyub və həmin ənənəni qorumaq lazımdır”. Bunu isə rejissorAyaz Salayev deyib.

Xalq artisti Ramiz Həsənoğlu da “Yuğ” Teatrının yaşamasını vacib hesab edənlər sırasındadır: “Mənə elə gəlir, söhbət “indiki binada “Yuğ” teatrı olmasa, teatr dağılacaq” şəklində olmamalıdır. “Yuğ”un bünövrəsində Vaqif İbrahimoğlunun zəhməti, əməyi var, bu mənada “Yuğ” teatrı yaşamalıdır. Əlbəttə, kollektivin bina məsələsini bu tezliklə həll etsələr, çox gözəl olar. Mən teatrın kollektivi ilə bu yaxınlarda tamaşa hazırladım və çox böyük zövq aldım. Çətinliklər hər yerdə var. Əsas odur ki, teatrın mayasında istək, hərəkət var. Mənə elə gəlir, bu, teatrı qorumağa kömək edəcək”.

“Pantomima” Teatrının direktoru, xalqı artisti Bəxtiyar Xanızadə“Yuğ” Teatrının “Pantomima” teatrına birləşdirilməsi ideyasından xəbərsiz olduğunu bildirib: “Yuğ” teatrı mənim sevdiyim və sənətinə hörmət etdiyim Vaqif İbrahimoğlunun yaratdığı teatrdır. Teatr onun qoyduğu yolun, sənətin davamıdır. Həmin kollektiv Vaqif müəllimdən öyrəndiklərini davam etdirir. Bu yola davam olunmalıdır”.

Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulovrəhbərlik etdiyi mədəniyyət müəssisəsinin tamaşaçılarını narahat olmamağa çağırıb. Direktor qeyd edib ki, “Yuğ” teatrı istənilən halda, istənilən şəraitdə öz fəaliyyətini davam etdirəcək: “Tamaşaçılarımız narahat olmasınlar. Biz növbəti mərhələyə hazırlıq işimizi görürük. Bizim arzumuz odur ki, teatrın fəaliyyətinə uyğun olan məkan seçilsin və biz orda işimizi davam etdirə bilək. Bunun üçün də Mədəniyyət və Turizm Nazirliyi də çalışır”.

Qeyd edək ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı 1989-cu ildə rejissor Vaqif İbrahimoğlu tərəfindən yaradılıb və Milli Teatrın dördüncü mərtəbəsinin kiçik səhnəsində fəaliyyətə başlayıb. 1993-cü ildə teatra dövlət statusu verilib. 2003-cü ildə isə “Yuğ” Teatrı Bakı milyonçusu Murtuza Muxtarov küçəsindəki köhnə hamamın binasına köçürülüb. “Yuğ” teatrının poetikası qədim türklərin “yuğlama” (həlak olmuş igidin şərəfinə qopuz /saz musiqisinin müşayiəti ilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənələri ilə çağdaş Avropa teatr avanqardının prinsiplərinin sintezi üzərində qurulub.
Diaspora