Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, səhnə əsəri yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” əsəri əsasında hazırlanıb. Tamaşa yanvar ayının 19-da saat 16.00-da göstəriləcək.
Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmdova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcək.