Son günlər jurnalistlərin döyülməsi halları çoxalıb. Vəzifə borcunu yerinə yetirən jurnalistlər əksər hallarda hücumlara məruz qalırlar. Cəmiyyətdə xüsusi narahatlıq doğuran bu mövzu əksər hallarda ziyalıları da açıqlama verməyə vadar edir. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Moderator.az-a açıqlamasında jurnalistləri etikaya dəvət edib:
“Mən jurnalistlərin döyülməsinin tərəfdarı deyiləm. Ümumiyyətlə nəinki jurnalisti, heç müəllimi, ədəbiyyatçını, fəhləni də döymək lazım deyil. Bir yerdəki sözlə deyə bilərsənsə, güc göstərməyə nə lüzum var?! Amma jurnalistlər də insaflı olmalıdırlar. Jurnalist bəzən elə söz deyə bilər, elə yazı yaza bilər ki, qarşı tərəf infarkt ola bilər. Ona görə də jurnalistləri insafa çağırıram”, - deyə Anar bildirib.
Qeyd edək ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarındakı yanğını işıqlandıran APA tv-nin əməkdaşı Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.

