"Görəsən bu insanlarımız hara baxır? Bu qədər kasadlaşmışıq? Bu qədər cahilləşmişik? Biz öz ədəbiyyatımızı, mədəniyyətimizi Kəramətlərlə, Kəramətin timsalındakı yazarlarla tanıyırıq?! Belə çıxır ki, indiki gənclər yazıçı kimi Kəraməti tanıyırlar, Zahid Xəlili tanımırlar. Uşaq ədəbiyyatının ən gözəl nümunələrini yaradan Zahid Xəlili niyə tanımırlar?! Uşaq ədəbiyyatı çox çətindir. Qulu Ağsəs kimi şairi niyə tanımırlar?! Bu günahı kimdə görək?! Məktəblərdə, universitetlərdə, kolleclərdə şairlərlə, yazıçılarla görüş təşkil olunmur. Əvvəllər aktyorlarla, yazıçılarla, şairlərlə görüşlər keçirilirdi. Tələbələr onlarla müzakirələr aparırdılar. İndi dövr tamam fərqlidir. Nəriman Həsənzadədən ötrü durub filarmoniyaya gedirdim ki, bu gecə onun yaradıcılığı olacaq. İndiki gənclərimiz nə Qulu Ağsəs, nə Zahid Xəlil, nə də Ramiz Rövşən oxuyur. Oxuyan var, amma sayları çox azdır"
Qaziler.az xəbər verir ki, bunu "Moderator.az"a açıqlamasında Əməkdar artist Sevinc Sarıyeva deyib.
O daha sonra əlavə edib:
"Yazıçılarla görüşlərin keçirilməməsinin səbəbkarlarından biri də universitet rektorları, məktəb direktorlarıdır. Amma günahı tam onların da üstünə atmaq olmaz. Bəzən hansısa yazıçını dəvət edirlər, o da seçim edir. Bir az aşağıdan yuxarı baxırlar. Universitetin, məktəbin və yaxud kollecin nüfuzuna baxırlar. Bu il Seyran Səxavətin 80 illik yubileyidir. Mən istərdim ki, onu bütün universitetlər, kolleclər, məktəblər dəvət edib, tələbələrlə görüşünü keçirsinlər. Nə qədər ki, gec deyil bu cür şair və yazıçılarla görüşlər təşkil olunsun. Sonra istəsək də biz onları tapa bilməyəcəyik. Gənclər çox az yetişir. Yetişən gənclərə də elə bil şou-biznes havası dəyib. Bir-biri ilə çəkişirlər. Nə olub? Hər şeir yazana şair deyə bilmərəm, sözlərini oxuya bilmərəm. Bəzən mahnı üçün söz göndərirlər. Oxuyuram görürəm ki, söz mənə çatmır. Sözün çəkisi yoxdursa onu oxumuram. Söz yığınından ibarət o qədər şair və yazıçılarımız var ki.. Vergülü, abzası, nöqtəni bilmir, adını şair qoyub. Bu artıq biyabırçılıqdır. Rəşad Məcidin şeirləri insanı uzağa, gənclik illərinə aparır. Gənclər deyir ki, kitabı telefona yükləmişəm, ordan oxuyuram. Telefonla kitab oxuyarlar?! O kağızın iyi səni vurmadısa, burnuna dolmadısa onun nə ləzzəti var?" deyə sənətkar bildirib.

