“Bakı Beynəlxalq Kitab sərgisində iştirak etdim. Mənim kitabımın da təqdimatı oldu. Deyə bilmərəm ki, sərgi necə təşkil olunub. Hər halda kitablar satılırsa, demək ki, yaxşıdır”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
Anar Mədəniyyət Mazirliyinin 50 yazar arasında keçirdiyi “Öz yazıçını seç” səsverməsində qalib gələn Kəramət Böyükçöldən də danışıb.
“Kəramət haqda heç bir söz deyə bilmərəm. Çünki onun əsərlərini oxumamışam, məlumatım da yoxdur. Heç bir kitabını oxumamışam. Mən o işlərə qarışmıram, xahiş edirəm, siz də məni o işlərə qarışdırmayın. Kim birinci yerə çıxır, kim ən yaxşı yazıçı hesab olunursa ona uğurlar diləyirəm. Mən öz işimlə məşğulam. Heç o haqda fikirləşməmişəm ki, birinciyəm, ya da on beşinciyəm?! Bu seçimlər ədalətli də olur, ədalətsiz də. Mən oxumadığım adam haqda heç bir mənfi rəy deyə bilmərəm. Müsbət rəy də deyə bilmərəm, çünki oxumamışam. Bəlkə elə layiqdir?! Mənim heç kəsə qərəzim yoxdur. Sadəcə olaraq hücumlardan özümü müdafiə edirəm”, - deyə Xalq yazıçısı deyib.

