Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi çərçivəsində Qəbələ rayonunun təqdimatı olub. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları iştirak edib.
Nazir Ə. Qarayev bildirib ki, “Bölgələrdən paytaxta” layihəsi ictimaiyyət nümayəndələri və ziyalılar tərəfindən müsbət qarşılanıb: “Bu layihəyə çox böyük maraq var. Hər bir rayon özünə məxsus nümunələri təqdim edir və bu, regionlarda və paytaxta yaşayan insanlar tərəfindən rəğbətlə qarşılanır. Düşünürəm ki, hər bir regionun özünəməxsusluğu layihəni uzun müddət yaşadacaq. Masallıdan sonra Qəbələ rayonu mədəni məhsulunu təqdim edir. Qəbələ Azərbaycanda turizmin inkişafı baxımından prioritet rayonlardan biridir. Bu gün Qəbələnin mətbəx nümunələri, folkloru, sənətkarlıq məhsulları təqdim olunur və ümid edirəm, bu tədbir hər kəsin marağına səbəb olacaq”.Millət vəkili Fəttah Heydərov qeyd edib ki, “Bölgələrdən paytaxta” layihəsi yeni başlamasına baxmayaraq, insanlarda bayram əhval-ruhiyyəsi yaradıb: “Bu gün burda Qəbələdən olan sənətkarlar öz qabiliyyətlərini göstərir və mən bu tədbiri mədəniyyət bayramı kimi qiymətləndirirəm. Regionlardan olan sənətkarların əl əməyinə paytaxtda böyük diqqət var. Bu, çox böyük təşəbbüsdür və inanıram, layihənin ömrü uzun olacaq, bundan sonra da uzun müddət davam edəcək”.
Tədbir zamanı Qəbələ rayonunun mədəniyyətini, mətbəxini əks etdirən stendlər və konsert proqramı nümayiş olunub.