ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən 24-cü ənənəvi Türk Festivalında Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Sərdarlı ailəsinin hazırladığı mücrülər türk xalqlarının ortaq mədəni irsinin, ailə dəyərlərinin və qədim sənətkarlıq ənənələrinin müasir ifadəsi kimi amerikalı ziyarətçilərə təqdim olunub.
Qaziler.az xəbər verir ki, oktyabrın 18-də Amerika–Türkiyə Assosiasiyasının (ATA-DC) təşkilatçılığı ilə keçirilən festival Vaşinqtonun mərkəzində, ABŞ Kapitoli binasının yaxınlığındakı Pensilvaniya prospektində baş tutub.
1965-ci ildə yaradılmış ATA-DC-nin təşkil etdiyi bu ənənəvi festival ABŞ-də türk mədəniyyətinin tanıdılmasına xidmət edən genişmiqyaslı ictimai tədbirlərdən biridir. Hər il oktyabr ayında qeyd olunan Türk Mədəni İrsi Ayının əsas tədbirlərindən sayılan festival müxtəlif millətlərdən olan insanları türk xalqlarının zəngin mədəniyyəti ilə tanış edir.
Təşkilatçıların məlumatına görə, hər il 25 mindən çox ziyarətçi cəlb edən festivalda milli musiqi və rəqslər, xalq sənətkarlığı, ənənəvi geyimlər, keramika, toxuculuq, zərgərlik nümunələri və türk mətbəxi geniş şəkildə təqdim olunur. Açıq səma altında təşkil edilən sənətkarlıq bazarı, mədəni sərgilər, uşaqlar üçün yaradıcı fəaliyyətlər və səhnə proqramları festivalı Vaşinqtonun çoxmillətli ictimaiyyəti üçün maraqlı mədəniyyət məkanına çevirir.
Azərbaycan sənətkarlarının bu nüfuzlu tədbirdə iştirakı bir neçə ay əvvəl ATA-DC tərəfindən göndərilmiş dəvət əsasında reallaşıb.
Festivalda “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri, tətbiqi sənət ustası Lalə Sərdarlı və təşkilatın həmtəsisçisi, sənətdə yeni texnologiyalar və innovasiyalar istiqamətinin rəhbəri Toğrul Sərdarlı Azərbaycan dekorativ-tətbiqi sənətini təmsil ediblər.
Sərdarlı ailəsinin “Urud Abidələri”, “Dərələyəzim Vəhdətdə”, “Turan Yolu Zəngəzurum” və “Mirzə Qədim İrəvani İşığı” kolleksiyalarına daxil olan mücrülər vasitəsilə Azərbaycan xalqının tarixi yaddaşı, qədim ornamentləri, ailə-məişət mədəniyyəti və sənətkarlıq ənənələri nümayiş etdirilib.
Təqdimatın əsas xüsusiyyətlərindən biri sandıq və mücrü sənətinin yalnız tarixi məişət nümunəsi kimi deyil, müasir yaradıcılıq imkanları ilə inkişaf etdirilən canlı mədəni irs kimi göstərilməsi olub. Bu sənət nümunələri vasitəsilə Azərbaycan və digər türk xalqlarının ortaq mədəni kökləri, ailə institutuna münasibəti və nəsildən-nəslə ötürülən mənəvi dəyərləri diqqətə çatdırılıb.
Festival iştirakçılarına Sərdarlı ailəsinin artterapiya təcrübəsi barədə də məlumat verilib. Bildirilib ki, ailənin tətbiqi sənətə gəlişi artterapiya ilə bağlı şəxsi təcrübədən başlayıb, sonradan ailəvi yaradıcılıq modelinə çevrilib. Pandemiya dövründə yaradılan “Sərdar Sandıq Mücrü Ocağı” isə bu təcrübənin mədəni nəticəsi kimi formalaşıb.
Beləliklə, festival Azərbaycan sənət nümunələrinin geniş beynəlxalq auditoriyaya çatdırılması ilə yanaşı, artterapiya əsasında yaranmış ailəvi yaradıcılıq təcrübəsinin tanıdılması üçün də əlverişli platforma olub.
Azərbaycan sənətkarlarının festivalda iştirakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Artterapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsinin Vaşinqton mərhələsi çərçivəsində baş tutub. Azərbaycanın ABŞ-dəki səfirliyinin tərəfdaşlığı ilə reallaşdırılan layihə proqramına Amerika Dövlətləri Təşkilatının mənzil-qərargahında və Azərbaycan Mədəniyyəti Günündə keçirilən təqdimatlar, eləcə də ABŞ-nin elmi-mədəni mühitinin nümayəndələri ilə görüşlər daxil olub.
24-cü ənənəvi Türk Festivalında iştirak isə layihənin xüsusilə geniş ictimai auditoriyaya ünvanlanan mərhələsi kimi əhəmiyyət daşıyıb. Bu təqdimat Azərbaycan sənətkarlıq ənənələrinin ortaq türk mədəni irsinin tərkib hissəsi kimi tanıdılmasına və mədəniyyətlərarası ünsiyyətin genişlənməsinə xidmət edib.

