Bu il “Oskar” mükafatının “Ən yaxşı beynəlxalq film” nominasiyasında Azərbaycanı hansı filmin təmsil edəcəyi ilə bağlı müzakirələr davam edir, yekun qərar isə hələ qəbul olunmayıb.
Bunu Trend-ə açıqlamasında şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
O bildirib ki, film seçimini həyata keçirən komissiyanın tərkibində yer alır:
“Hazırda müzakirələr gedir, yekun qərar hələ verilməyib. Qərar qəbul olunan kimi bu barədə mətbuata məlumat veriləcək. Buna görə də hələlik hansı filmin seçiləcəyini açıqlamaq mümkün deyil”.
Qeyd edək ki, ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının təqdim etdiyi “Oskar” mükafatı ilk dəfə 1929-cu il mayın 16-da Los-Ancelesdə keçirilən mərasimdə verilib.
Azərbaycan bu mükafatın o vaxt “Ən yaxşı xarici dildə film” adlanan nominasiyasına ilk dəfə 2007-ci ildə rejissor Fərid Hümbətovun “Qafqaz” filmini təqdim edib. Nominasiyanın adı 2019-cu ildə dəyişdirilərək “Ən yaxşı beynəlxalq film” olub.

