Xalq yazıçısı Anarın əvvəllər dəfələrlə Türkiyədə və Rusiyada, habelə Almaniyada, İsveçrədə, Çexiyada, Slovakiyada, Macarıstanda, Estoniyada, Gürcüstanda və Özbəkistanda nəşr edilmiş “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı indi “Təhminə” adıyla yunan dilində çap olunub.
Azərbaycan səfirliyinin dəstəyi ilə Afinanın “Qavrilidis” nəşriyyatı tərəfindən min tirajla buraxılan kitabı yunan dilinə Yelena Rapti çevirib.Fevralın 24-də Afinanın “İonas” kitab evində nəşrin geniş təqdimatı olub. Tədbirdə səfir Rəhman Mustafayev, yunan ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Səfir kitabın araya-ərsəyə gətirilməsində əməyi keçən şəxslərə, təşkiatlara minnətdarlığını bildirib, Anarın və qızı Günel xanımın dəvəti qəbul edərək Afinaya gəlmələrinə görə onlara təşəkkür edib.
Məşhur yunan teatr və kino aktrisası Katerina Lexu romandan parçalar ifa edib.
Sonda çıxış edən Anar, Yunanıstandakı Azərbaycan Səfirliyinə, “Qavrilidis” nəşriyyatına, “İonas” kitab evinə, tədbirdə çıxış edənlərə və kitabın oxucularına səmimi təşəkkürlərini bildirib, Azərbaycanla Yunanıstanın mədəni ələqələrinin qədim tarixə malik olduğunu söyləyib. Xalq yazıçısı deyib ki, hələ Herodotun “Tarix”ində qədim Midiya əfsanələri hifz olunub, Nizami Gəncəvi Makedoniyalı İskəndərə iki hissədən ibarət böyük poema həsr edib, əsərində onu Azərbaycan hökmdarı Nüşabəylə görüşdürüb. Nizami Ərəstu, Əflatun kimi qədim yunan filosoflarının fikirləriylə də tanış idi və onlardan bəhs edirdi. Anar çağdaş Azərbaycan ədəbiyyatının başqa örnəklərinin də yunan dilinə çevriləcəyinə ümid bəslədiyini vurğulayıb.
Sonra Anar mərasim iştirakçıları üçün kitablarını imzalayıb.