Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi "Ağdam - virtual səyahət” 3D qrafik təsvirli filminin, “Qarabağ Atı” animasiya filmlərinin, AMEA Arxeologiya və Etnoqrafiya institutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin əlaqələndiricisi Nurəddin Mehdiyev bildirib ki, mərkəz 2013-cü ildən fəaliyyətə başlayıb və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çalışır. O deyib ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Ağdam – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Ağdamın tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlə canlandırılıb: “Qarabağ atı bizim üçün Qarabağı dərk etmək baxımından simvoldur. Ermənilər Qarabağ atını öz adlarına çıxarmağa çalışırlar. Ancaq layihə vasitəsilə biz Qarabağın mədəni tarixini, sərvətlərini dünyaya nümayiş etdirəcəyik".N. Mehdiyev əlavə edib ki, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeri əsasında çəkilən "Qarabağ Atı” animasiya filminin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır.
"Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsinə əsas səbəb isə interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır.