Azərbaycan Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı ilin ilk 3 ayı üçün repertuar planını açıqlayıb. Teatrdan Lent.az-a verilən məlumata görə, bədii şuranın üzvləri yeni ilin yanvar, fevral və mart ayları üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 50 dəfəyə yaxın nümayiş etdiriləcək. Ötən il tamaşaçılarla sorğu əsasında daha çox reytinq qazanan tamaşalar - “O olmasın, bu olsun”, “Ər və arvad”, “Toya bir gün qalmış”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “www-ferzeli-kef.com”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda”, “Qısqanc ürəklər” və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rus dilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı”, “Fransız sayağı qarnir”, “Skapenin kələkləri”, “Düyməcik”, “Yağış göbələyinin macərası”, “Dəcəl çəpişlər”, “Bir dayan canavar”, “Qırmızıpapaq” və başqa tamaşaları izləyə biləcəklər.
Qarşıdakı üç ay ərzində tamaşaçılar xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Cingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, Əzizağa Əzizov, Emma Məlikova, Boris Qrafkin, Səmayə Musayeva, eləcə də gənc və istedadlı aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzimova, Əlif Cahangirov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı – 2016-cı ilin gəlişi münasibətilə xalqımızı təbrik edir və yeni ildə hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.