Tanınmış müğənni-bəstəkar Emin Ağalarov keçmiş həyat yoldaşı Leyla Əliyevanın övladlığa götürdüyü Əminə ilə bağlı ilk dəfə açıqlama verib.
Qaziler.az xəbər verir ki, azvision.az-ın əməkdaşının “Əminə ilə münasibətiniz necədir?” sualına Emin Ağalarov belə cavab verib:“Əminəni çox istəyirəm. Əgər o, istəsə, mən ona öz soyadımı verməyə hazıram. Bu, onun seçimidir. Gələcəkdə Əminə razı olarsa, mənin soyadımı daşıya bilər. Bu, onun ixtiyarındadır”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı: "Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".