Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Xalça Muzeyində “Xeyr deməyin, xeyir eləyin!” adlı xeyriyyə aksiyası keçiriləcək.
Axar.az xəbər verir ki, aksiyanın açılışı bu gün saat 18:00-da baş tutacaq. Dekabrın 20-si tarixinə qədər (saat 10:00-dan 20:00-dək) davam edəcək aksiya çərçivəsində satış-sərgi də təşkil olunacaq.Xeyriyyə aksiyasında Sehrli Aləm Cəmiyyətinin üzvü, rəssam dizayner, moldovalı, əslən qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”nın sərgi və satışı həyata keçiriləcək. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləyib.
Muzeyin direktoru Röya Tağıyeva sərgini keçirməkdə məqsədin uşaqları sevindirmək, onlarda bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, aksiyadan əldə olunan vəsaitin tam olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürmək olduğunu bildirib.
Xeyriyyə aksiyası ilə yanaşı Azərbaycan Xalça Muzeyində Uşaq Muzeyinin hazırladığı müxtəlif yaş təbəqələrini əhatə edən rəngarəng proqramlar təqdim olunacaq.