Xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəylinin səhhətində irəliləyiş yoxdur, sənətkarın vəziyyəti stabil olaraq qalır. Axar.az xəbər verir ki, bu barədə məlumatı aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli verib.
Publika-nın məlumatına görə, ailəsi onun boyun damarını dəyişmək üçün xarici ölkələrin birinə aparmaq istəsə də, həkimlər icazə verməyib:“İnsult çətin sağalan xəstəlikdir, gözləmək məcburiyyətindəyik. Ramiz dəvət aldığı mədəniyyət tədbirlərinin heç birinə qatıla bilmir. Çünki yeriməyində, nitqində problemlər var. Sağ əli, ümumiyyətlə, işləmir. Evdə onu dava-dərmanla saxlayırıq. Biz fikirləşirdik ki, xarici ölkələrin birinə aparaq və əməliyyat yolu ilə beyinə gedən damarı dəyişilsin. Həkimlər icazə vermədi və şəkəri olduğu üçün bu əməliyyatın uğursuz olacağını söylədilər”.
Həyat yoldaşı aktyorun arzularından da söz açıb:
“Arzuları çoxdur, sağalacağı günü səbirsizliklə gözləyir. Nə vaxtsa, yenidən kinoya çəkiləcəyi günün ümidilə yaşayır”.