Novosibirskdə keçirilən beynəlxalq "Transsibir art festivalı"nda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mahnı oxuyacaq. ANS PRESS-in məlumatına görə, bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, səfir ifa edən zaman orkestrə onun oğlu Murtuza dirijorluq edəcək.
"Bizim ənənəvi "Uşaqlar-uşaqlara" ("Дети - детям") proqramımızda səfir Polad Bülbüloğlunun oğlu iştirak edəcək. Onun 13 yaşı var və yaxşı dirijorluq edir. Biz onu da bu konsertə dəvət etdik ki, o, bir əsərə dirijorluq etsin. Bu haqda onun atası eşidib və oğlunu dəstəkləmək üçün festivala gəlməyə qərar verib. Polad Bülbüloğlu hədiyyə olaraq, festivalda bir mahnı da ifa etməyə söz verib", - deyə bədii rəhbər qeyd edib.Üçüncü "Transsibir art festivalı" 2016-cı ilin aprelin 9-dan 24-dək Novosibirsk şəhərində baş tutacaq. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreyaya, Yaponiyada da konsertlər keçiriləcək. Tədbirlərdə 26 solistin və 11 dirijorun iştirak edəcəyi gözlənilir.
İkinci"Transsibir art festivalı" 2015-ci ilin yaz ayında baş tutub. 15 gün ərzində dünya səhnəsinin ulduzlarının iştirakı ilə 15 konsert keçirilib. 15 mindən çox tamaşaçının iştirak etdiyi festivalda 200-dən çox artist çıxış edib.
Polad Bülbüloğlu - Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1989-2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-cı ildən bu günədək), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir.