Əbdül Mahmudov ona zəng etməyənlərdən danışdı: "Yəqin ki, Şəfiqə Məmmədovadan qorxurlar"

Əbdül Mahmudov ona zəng etməyənlərdən danışdı:  "Yəqin ki, Şəfiqə Məmmədovadan qorxurlar" backend

Hazırda ev şəraitində müalicə alan Xalq artisti, kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov səhhəti və kino mühitindəki mövcud vəziyyətlə bağlı mühüm məqamlara toxunub.

Qaziler.az xəbər verir ki, bu barədə o, Musavat.com-a açıqlama verib.

Xalq artisti, xüsusilə, Kinematoqrafçılar İttifaqının rəhbərliyindən gileyini bu sözlərlə ifadə edib:

"Yeganə mənimlə əlaqə saxlamayanlar Kinematoqrafçılar İttifaqının rəhbərliyidir. Təsəvvür edin, vaxtilə yaratdığım ittifaq, oradan pul qazanan adamlar indi mənim xəstə vaxtımda bir dəfə də olsun nə zəng edir, nə də vəziyyətimlə maraqlanırlar. Bu qədər mənəviyyatsızlıq, naşükürlük... nə deyim. Allaha şükür, onlara ehtiyacım yoxdur. Amma məsələ mənəviyyat məsələsidir. Yəqin ki, onların ya mənəviyyatlarında, ya da insanlıqlarında problem var".

Xalq artisti dost bildiyi şəxslərin ona qarşı münasibətini "uman yerdən küsərlər" deyimi ilə xarakterizə edib:

"Bizim qədim bir deyimimiz var: "Uman yerdən küsərlər". Yəni o adamlar ki, vaxtilə salam-kəlamımız olub, münasibətimiz olub, amma indi bəlkə də kimdənsə qorxurlar. Bilmirəm, bəlkə Şəfiqə Məmmədovadan qorxurlar, bəlkə başqa səbəb var. Elə bil məni təhlükəli bir düşmən kimi görürlər ki, ay aman, birdən zəng etsək nəsə olar. Halbuki məqsədim yalnız bir idi - bütün kino camiəsini bir araya gətirmək, parçalanmanın qarşısını almaq. Amma görürsünüz ki, rəhbərlikdə təmsil olunanlardan heç kim zəng etmir, digər kino adamlarının isə əksəriyyəti zəng edir".

Əbdül Mahmudov konkret adlar çəkərək ona qarşı göstərilən diqqətsizliyi vurğulayıb:

"Açıq deyirəm: nə Baba Vəziroğlu, nə Şəfiqə Məmmədova, nə də Əli İsa Nicat mənimlə əlaqə saxlayıb. Bilmirəm, bu artıq onların problemidir. Axı xəstə adama zəng etməzlərmi? Mən onların düşməni olmamışam. Əksinə, onlara yaxşılıqlar etmişəm, gətirib hazır "taxt"da oturtmuşam. Nə katib olmaq istəmişəm, nə də rəhbər. Hətta bundan rəsmi şəkildə imtina etmişəm. Məqsədim parçalanmış kino ittifaqlarını birləşdirmək idi və buna da nail oldum. Bunu nazirlikdən tutmuş kino camiəsində hər kəs təsdiqləyə bilər. Ən çox qəribə gələn isə Baba Vəziroğlu ilə Əli İsa Nicatın münasibətidir", - deyə o vurğulayıb.