Zəmanələr və talelər toplusu (Çingiz Hüseynovun “Минувшее – навстречу” memuarı haqda)
Axır sözü əvvəl demək olmasın, Çingiz Hüseynovun 712 səhifəlik “Минувшее – навстречу” memuarında maraqla oxunmayası bir səhifə belə yoxdur.Kitabı oxusan, elə ilk fəslində 50-70 il qabağın Bakısına – İçərişəhərə, Bayırşəhərə xəyali gəzintiyə çıxacaqsan, onun çoxmillətli sakinləriylə tanış olacaqsan, həyat yaşantılarını görəcək, duyacaqsan.
O biri fəsillər də eləcə – vətənin yaxın tarixini sənə retro filmi kimi göstərəcək. Bəzən o vaxtın romantik sevgilərini bu günün qəlbiylə duymağa cəhd edəcəksən, bəzən də repressiyanın qorxusu ətini ürpədəcək. Siyasi sistemin əzib məhv elədiyi talelərə acıdığın kimi bu qədər ağır mənəvi-fiziki basqıya tab gətirib qürurunu qorumağı bacarmışları sayğıyla anacaqsan.
Totalitar rejimdə yazıçı intriqalarına, ədəbi cameənin birini məhv, digərini xilasetmə həmrəyliyinə, sənətkar-hakimiyyət, mərkəz-əyalət, beynəlmiləlçi-millətçi münasibətlərə tarixi-detektiv filmlərə baxırmış kimi baxacaqsan.
Bu fundamental xatirələr toplusu 60-cı illərin əvvəlindən müntəzəm yazılan gündəlik əsasında ərsəyə gəlib. Amma tək qocaman bir yazıçının həyat yolundan bəhs eləmir, bir vaxt mövcud olmuş sovet xalqının Stalin repressiyası, Xruşşov “ottepel”i (yumşalma), Brejnev “zastoy”u (durğunluq), Qorbaçov “perestroyka”sı (yenidənqurma) illərinə və o dövrlərin Azərbaycanına güzgü tutur, bildiyimiz tarixin bilmədiyimiz neçə-neçə qaranlıq künc-bucağına işıq salır. Yüzlərlə canlı personajla, tarixi şəxslə tanış edir, maraqlı hadisələrdən söz açır.
Nə qədər “Bilirdim!” dediyim bilmədiklərim varmış.
Məsələn, bilmirdim ki, qadağan olunmuş Novruz bayramını dövlət səviyyəsində keçirmək təklifini Şıxəli Qurbanovdan 10 il əvvəl Əbdülrəhman Vəzirov veribmiş. Komsomolun birinci katibi işləyəndə qurultayda belə bir təşəbbüs irəli sürübmüş. Ondan da qabaq, hələ müharibə illərində Mirzə İbrahimov cəsarət göstərib partiya rəhbərliyinə müraciət edibmiş.
Xruşşov dövrünün Qarabağ şəhidi
Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!
Kitabın “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.
Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.
Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istəyirəm.
Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.
Amerika ilə münasibətlərin yumşalmasından istifadə edən ermənilər sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edirlər. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.
36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.
Kitabdan oxuyaq:
“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”
– Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”
– Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.
– Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.
Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”.
Anlaşılan odur ki, Qarabağın elə o vaxt Ermənistana verilməsi üçün hər cür “beynəlmiləl zəmin” varmış. Sonralar bütöv bir xalqın qoruya bilmədiyi Qarabağı Nazim Hacıyev tək canına, həyatı bahasına qoruya bilib. Həmin iclasda yaşadığı stress, sonrakı basqı, təhdid və təqiblər öz işini görüb – çox çəkməyib, Nazim Hacıyev yatağa düşüb, vəfat edib. Bəlkə də ölümü sürətləndirən başqa da səbəblər olub.
Dil, milli adət-ənənə, vətən təəssübü çəkən bu siyasi xadimlər daha yüksək vəzifələr tutacaqdı. Kremlə isə təəssübkeş milli kardlar lazım deyildi!
Gənc bir partiya xadiminin qoca kommunist “başyeyən”lərlə döş-döşə gəlməsi rəğbət duyğusu yaratmaya bilməzdi. “Nazim Hacıyev” yazıb axtarış saytlarına baş vurdum. Yalnız Vikipediyanın ruscası onun haqqında bioqrafik məlumat dərc edib. Azərbaycan türkcəsində isə tək-tük halda rastladım, məsələn, Əziz Mirəhmədov, Cəmil Əlibəyov, İlyas Tapdıq, Nodar Şaşıqoğlu məqalə və müsahibələrində adını çəkiblər. Osman Mirzəyevin ondan bir oçerk yazdığını da oxudum, öçerkin özünü tapmasam da. Bakıda 400 metrlik bir küçə də var “Nazim Hacıyev” adında, amma bilmədim həmin adamdırmı!?
Kinomuzun “Mixaylo”su Nodar Şaşıqoğlunun müsahibəsindən: “O zaman Nazim Hacıyev adlı bir şəxs vardı. Mərkəzi Komitədə təbliğat və təşviqat üzrə katib idi. Yəqin, daha böyük vəzifə tutacaqdı. Vaxtsız ölüm imkan vermədi. Mən onun xatirəsini həmişə əziz tuturam. Bu insan Azərbaycan incəsənətinə o qədər can yandırırdı ki, hər bir sənət xadiminin necə yaşadığını, nəyə ehtiyacı olduğunu xırdalığına qədər bilirdi və kömək eləyirdi. O cümlədən mənim evlə təmin olunmağıma da kömək etdi”.
İçində həqiqət bildiyinə sadiqliyin varsa, hansı ideologiyaya qulluğun önəm kəsb eləmir, ideologiyalar da hakimiyyətlər kimi gəldi-gedərdi. Əsas odur ki, bu günkü şüar vətənpərvərliyi zamanında əsl vətənsevərləri seçə bilək, onları tanıyaq, yad edək, örnək göstərək. Xüsusən də Xuruşşov dövrünün Qarabağ şəhidi – Nazim Hacıyev kimi tanınmayanları!
Memuarda cürbəcür tale yaşamış çox adamdan bəhs edən səhifələr var. Hamısı haqda qeydlər etmək, nəsə yazmaq istəyirsən. Nakam, bəxtsiz, acı, eyni zamanda roman kimi maraqlı tale yaşamış adamların həyat səhnələri isə oxucunu bir xeyli düşündürür, təsirindən buraxmır. Səməd Vurğun, Lev Antopolski, Abidin Dino, Nazim Hikmət, Yegişe Çarents və dul arvadı İzabella, Əziz Şərif, Mehdi Usmiyev, İosif Qrinberq, onlarla başqaları… və Nazim Hacıyev kimi.
“Нет пророка в своем отечестве”
Çingiz Hüseynovun xatirələri sovet dövrünün ictimai-siyasi-ədəbi həyatını bütün çılpaqlığı ilə görməyə imkan verir. Yazıçı əlavə bədii bəzəklərə ehtiyac bilməyib, nəyi necə görübsə, vaxtilə gündəliyinə necə yazıbsa, necə xatırlayırsa, eləcə də qələmə alıb. O dövrün yaradıcı mühiti yalnız ağ və qara rənglərlə deyil, boyaların hamısı ilə təsvir olunub.
Totalitar sistemlərdə yaradıcı adamların dərdi tək o deyil ki, istədiklərini yaratmağa qoymurlar, azadlıq yoxdu. Faciə onda başlayır ki, qəlbindəkinin əvəzinə sən başqasının tələb etdiyini yaratmağa məcbur olunursan! Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı kimidi!
İnsanın xoşbəxtliyi içindəkini sevərək dünyaya çıxarmaq azadlığındadı. Sevdiyi ərdən dünyaya bala gətirən qadın kimi, istədiyi əsəri yazan yazıçı, musiqini bəstələyən bəstəkar, tablonu çəkən rəssam, rolu oynayan aktyor kimi…
İvan Bunin SSRİ-yə dönməməsinin səbəbini belə izah eləmişdi: “Onlar məni demək istəmədiyimi deməyə, inanmadığıma inanmağa məcbur etmək istəyəcəklər”.
Sənət adamını belə çıxılmaz duruma salan kommunist rejimi haqda bir vaxtlar “Susmaq hüququ” adlı yazıda ətraflı yazmışdım.
Bütün bu zor, qadağa və məhrumiyyətlərlə yanaşı sovetlər ölkəsində siyasi sistemin “dilini bilən”, “nəbzini tutan” yaradıcı adamlara böyük meydan, geniş imkan verilmişdi. İndiki Bakının oxucusuz kitabxanaları, tamaşaçısız teatrları fonunda adama inanılmaz gəlir, amma elə idi – kommunist idarəetmə mexanizmi “milli dildə” yazan istədiyi “əyalət yazıçısı”nı rus dili vasitəsilə dünyaya çıxara bilirdi.
Bütöv bir ədəbi sistem milli yazıçı-şairlərin əsərlərini dünya dilinə çevirən “tərcümə fabrikası” idi. İndi əsərlərini “Biləcəridən o yana çıxara bilməyən” yazıçılarımız o dövrün sənətkarlarına yalnız bu baxımdan qibtə edə bilərlər.
Tək-tük yazıçıdan başqa, demək olar, Azərbaycanda hamı ana dilində yazır. Dilimiz dünya dili deyil! İsveçdə yaşadığım bu illərdə bunun bütün ağırlığını yaşamaqdayam – mənzilinin kandarında sərhədi bağlanan dilinlə nəinki yazıçıları tanıdıb Nobel mükafatınadək yüksəldən İsveç nəşriyyatlarının, heç kiçik bir şəhərin balaca qəzet qapısını döyə bilmirsən.
Bir dəfə yazmışam, bir də yazım – ana dilimizdə yazılanı dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən. Ya dünya dillərində yazan yazarların olmalıdır, ya da yazılanları dünyanın aparıcı dillərinə çevirəsi güclü tərcümə məktəbin.
İki dildə yaza bilmək yazıçıya tək sərhədləri aşmağa imkan vermir, həm də qarşısında geniş azadlıq üfiqləri açır. Kitabda öz vətənində üzünə qapılar bağlanan milli yazıçıların paytaxtda parlaq zəfərlərinə xeyli nümunələr var. Elə Çingiz Hüseynovun özünün Bakıda senzuradan keçməyən əsərlərinin ruscası Moskvada, sonra isə başqa dillərə çevrilərək neçə-neçə ölkədə nəşr olunub.
“Нет пророка в своем отечестве” – Matfeyin İncilindəndir – yəni öz vətənində peyğəmbər ola bilməzsən, yanında olanlar sənin istedad və dahiliyini görməz, sözünün həqiqiliyinə inanmazlar.
Memuar yaradıcılığının uğuru həm də müəllifin səmimiyyətinə bağlıdır. Hər müəllifdə bu, alınmır – öz rolunu qabartmaq memuarlarda rast gəlinən haldır. Yaşadığı ömür səhifələrini vərəqlədikcə Çingiz Hüseyovun nostalji emosiyaları cilovlamaq, duyğuları patetikasız ifadə etmək bacarığına nə qədər təəccüblənirsənsə (ömür kitabını bir qayda olaraq melanxonik duyğularla vərəqləyirsən, axı!), onun səmimi etiraflarına da o qədər rəğbət bəsləyirsən.
Sovet vaxtı yazdığı bir yazı, dediyi bir fikri dissidentlik kimi təqdim edən xeyli sənətkara rastladıq müstəqillik illərində. Ömrünün az qala çox hissəsi narazı yaradıcı adamların əhatəsində keçən Çingiz Hüseynov isə bunları yazır: “Etirazçıların, narazıların haqlı olduğunu başa düşürdüm, hakimiyyətin onları nə cür təzyiq və təqib elədiyini görürdüm. SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi işləyən biri kimi şüurlu şəkildə özümü onlardan aralı tuturdum. Yad fikirliləri açıq müdafiə eləmək? Yox, bu, mənim gücüm xaricində idi”.
Amma bütün bunlar ondan yan keçmədi, illərlə yığılan “etirazçı enerji” sonralar Çingiz Hüseynovun yaradıcılığında aparıcı xəttə çevrildi.
Memuardakı 1450-ci adam
Səhifə-səhifə adlayıb kitabı oxuduqca, müəlliflə səbəbini tam tuta bilmədiyim ruh yaxınlığı duyurdum. Aylar, illər uzunu heç kimə izah edə bilmədiyin, bəzən səbəbi özünə belə aydın olmayan duyğunu bir başqası da yaşayıbmış, özü də səndən çox-çox illər əvvəl. Adamları bir-birinə yaşadıqları hisslər yaxınlaşdırır! Bunun zaman və məkan fərqi yoxdu.
Nəhayət, memuarın Nazim Hikmətlə bağlı bölümündə bu ruhi yaxınlığın qaynağı mənə aydın oldu – axı, bunu özüm də bilirdim ki, həsrət duyğusu vətəndən kənarda yaşayan həssas (oxu: yaradıcı) adamı heç vaxt tərk etmir, hətta güləndə, sevinəndə belə.
“Sen şimdi yalnız saçımın akında, enfarktında yüreğimin, alnımın çizgilerindesin memleketim, memleketim” – Nazim Hikmətdən belə sitat var kitabda. Çingiz Hüseynov isə bunları yazır: “Yazıçı üçün oxucu görməmək, doğma dili eşitməmək, yaxınlardan, dostlardan ayrı düşmək, ruhi söhbətlərdən məhrum olmaq fəlakətdir, boğulmaqdır”.
Bunları yaşamayan bilməz!
Amma bundan da dəhşətli ağrı oxucular, yaxınların və dostların onlardan ayrılığın sənə yaşatdığı iztirabları hiss etmədiklərini görəndə başlayır – onlara vətəndə olduğundan yüz kərə artıq ehtiyacın olduğunu kəsdirə bilməyəndə… Sənin belə halından zövq almaqlar da var, bu ayrı bir hal, başqa bir mövzudur!
Yaradıcı adama əziz olan doğma bildikləri deyil, yazılarını, kitablarını oxuyan, onun yaşadıqlarını anlayan, duyan… və bunu ona deyən, yazan kəslərdi. Qəriblikdə bəzən adam özünü işlək dəmiryolun yanında üstündən qatarlar keçməyən, relsləri paslanmış ehtiyat yol kimi tənha hiss edir. Əvvəl yaşadığım evin yanından qatarlar keçirdi, qatarları keçməyən relslər də vardı. Hardasa qaynar bir həyat var, bir vaxtlar yaşadığın, amma daha orda sən yoxsan!
Kitabın sonunda memuarda adları çəkilən adamların siyahısı var – 1449 nəfərdi. Amma orada adı olmayan bir nədər də var – 1450-ci adam. Bu gizli adam onun bütün fəsillərində müəlliflə duyğuları bölüşən oxucudur! Mən idim…
***
Çox istərdim, “Минувшее – навстречу” Azərbaycan türkcəsində də nəşr edilsin – onu hər kəs oxusun, xüsusən də, əli qələm tutan gənc yazı əhli, ictimai fəallar, siyasət adamları, tarixçilər, araşdırmaçılar.
Həm də ona görə ki, bu, ömrünün 70 ilini vətəndən kənarda yaşayan bir qərib yazıçının onu bir gün belə tərk eləməyən vətən sevgisi haqda həyat dastanıdır…
Vahid Qazi
Dekabr, 2015
Karlskrona, İsveç
P.S. Kitabı oxuyandan sonra “Минувшее – навстречу” adını dilimizə çevirmək istədim. Bir neçə variant alındı, amma heç biri ürəyimə yatmadı. Yazıb Çingiz müəllimdən soruşdum. Belə cavab yazdı: “Mənə sarı addımlayan keçmişim”.