Nizami Kino Mərkəzində Şekspirin Qlobus teatrının təqdimatında dünya şöhrətli Vilyam Şekspirin “Hamlet” tamaşası nümayiş etdirilib. Lent.az-ın məlumatına görə, səhnə əsəri rus dilində alt yazılarla təqdim edilib. Tamaşada əsas rolu Benedikt Kamberbeçin ifa edib.
“Hamlet” British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, Cool Connections şirkəti ilə birgə layihə çərçivəsində nümayiş etdirilib.Təqdimatdan qabaq keçirilən mətbuat konfransında Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov və British Council Azərbaycan-ın direktoru Elizabet Vayt layihənin məqsədi barədə açıqlama verib və jurnalistlərin suallarını cavablandırıblar.
Təqdimatdan əvvəl Kinomərkəzin direktoru Vüqar Zeynalov bu layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini qeyd edib və böyük marağa səbəb oldugunu nəzərə alaraq layihənin təqdim etdiyi digər dünya inciləri sırasında olan əsərlərin nümayiş olunacağını vurğulayıb.
Xatırladaq ki, British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, CoolConnections şirkəti və Nizami Kino Mərkəzi layihə çərivəsində şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edəcək.
Layihənin misiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır. Nümayiş oluncaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəsüratı yaradacaq. TheatreHD layihəsinin təqdim etdiyi növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayış tarixi dekabrın 15-nə planlaşdırılıb.