Nizami Kino Mərkəzində Meksika Kinosu Günlərinin açılışı olub. QAZİLER.AZ-ın APA-ya istinadən məlumatına görə, kino günlərinin təqdimat mərasimi Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı baş tutub.
Rejissor Ayaz Salayev tədbirdə çıxış edərək bildirib ki, kino günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək. A. Salayev Meksika kinosunun ənənəsindən, bu ölkənin mədəniyyətindən danışıb, təqdim olunan filmlərə Azərbaycan tamaşaçısının maraqla baxacağına ümid etdiyini diqqətə çatdırıb.Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lobardini kino günlərinin keçirilməsindən, Azərbaycan tamaşasının Meksika mədəniyyəti ilə tanış olmasından məmnunluğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan tədbir dekabrın 11-dək davam edəcək.
Kino Günləri çərçivəsində “Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər”, “Mirvari” bədii filmləri tamaşaçılara təqdim olunacaq.
Meksika filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.