“Səhhətimin normallaşması üçün təcili Türkiyəyə getməliyəm. Bunun üçünsə pulum yoxdur”. Bu sözləri Lent.az-a səhhəti pisləşən xalq artisti Yalçın Rzazadə deyib. O bildirib ki, vəziyyəti yaxşılığa doğru getmir: “Beş il öncə Türkiyədə ürəyimdən əməliyyat olundum. Əməliiyyatdan sonra isə ildə bir dəfə müayinə olunmağım lazım idi. Amma maddi problemlərə görə gedə bilmədim. İndi də özümü çox pis hiss edirəm. Dərdimə dərmanın Türkiyədə tapılacağına inanıram. Amma ora getmək üçün pul lazımdır. Pul isə məndə yoxdur. Mənə yaraşmaz kiməsə ağız açım ki, pul verin, gedim əməliyyat olunum. Bunu etməkdənsə, gedib bulvarda papağımı qoyub, pul yığaram. Qürurluyam, kiminsə qabağında əyilmərəm”.
Xalq artisti ona olan diqqətsizlikdən də şikayətlənib: “46 ildir ki, Azərbaycan musiqisinə xidmət edirəm. Xidmətimin bəhrəsini görmək istəyirəm. Televiziyaya məni əfsanəvi sənətkar kimi dəvət edirlər. Amma nə olsun? Mənə olan diqqətsizliyi qəbul edə bilmirəm. İncəsənətdə böyük yeniliklər etmişəm. Amma bu bu gün Yalçın Rzazadənin yaşayışı, sağlıq durumunu soruşan yoxdur”.