Noyabrın 25-də yazıçı, publisist, Əməkdar Jurnalist Fazil Güneyin anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində reallaşıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Fazil Güneyin yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, o orta məktəbi bitirdikdən sonra doğulduğu Cəbrayıl rayonunda rayonlararası qəzetdə iki ilə yaxın çalışaraq, təcrübəli jurnalistlərin rəğbətini qazanıb. Həmin zamanda onun oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunub, radioda səsləndirilib.
Qeyd edib ki, F.Güneyin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin “Ərəb dili tərcüməçiləri” şöbəsində təhsil alıb. Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışıb. Həmin illərdə milli mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb və Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına öz töhfəsini verib. O, 1975-1976-cı illərdə “İnşaatçı” qəzetində, 1976-1991-ci ildə isə “Kirpi” jurnalında çalışıb. “Kirpi” jurnalında dərc olunan pamfletləri “Ulduz sövdəsi” kitabında toplanıb.
Bildirib ki, XX əsrin sonlarında baş verən sistem dəyişikliyi, müstəqillik ab-havası onun ədəbi istiqamətini daha çox jurnalistikaya yönəldib. O, Qarabağ gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində yaradılan “AssA-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, “Azeri Observer” jurnalının direktorudur.
Diqqətə çatdırılıb ki, Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən üç cildlik “Qara qan” tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üç cildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Romanın iki cildi çap edilmiş, üçüncü cildi isə yaxın vaxtlarda təqdim ediləcək.
Sonra Əflatun Amaşov Fazil Güneyə Mətbuat Şurasının diplomunu təqdim edib.
Tədbirdə Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar Jurnalist Yusif Kərimov, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, dinşünas alim Rafiq Əliyev, Xalq Şairi Sabir Rüstəmxanlı, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri Yəhya Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, yazıçı-publisist Umud Rəhimov və digər çıxış edənlər Fazil Güneyi yubileyi münasibətilə təbrik edərək onun yaradıcılığından, gördüyü işlərdən söhbət açıblar. Bildirilib ki, o, millət üçün yanan, gözəl ideyaları olan insandır.
Qeyd olunub ki, Fazil Güneyin müxtəlif janrlarda yazılmış əsərlərinin aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. F.Güney yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifidir. “Ulduz sövdəsi” pamfletlər toplusunun, Qarabağ müharibəsindən bəhs edən “Qara qan” tarixi romanının, müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərindən seçmələrin toplandığı “Yalanın gerçəkliyi” kitabının müəllifi kimi şöhrət qazanıb. Onun “Yalanın gerçəkliyi” kitabı ABŞ-da ingiliscə çap olunub.
Diqqətə çatdırılıb ki, Fazil Güney həm də bir alim kimi öz sözünü deyib. Onun “Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası nəşr edilib, mütəxəssislər tərəfindən bəyənilib və bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib.
Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Birinci sevdiyi peşənin jurnalistlik olduğunu söyləyərək deyib: “Şərqşünaslıq fakültəsində oxusam da həmişə yazmaq həvəsində olmuşam”. O, medianın dövlətçilik ənənəsinə sadiq qalmasını arzulayıb.