ISESCO İcraiyyə Şurasının 36-cı iclası başa çatıb

ISESCO İcraiyyə Şurasının 36-cı iclası başa çatıb backend

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı iclası noyabrın 24-də işini başa vurub. Sonda ikigünlük iclasın yekun hesabatı qəbul olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bağlanış mərasimində çıxış edən ISESCO İcraiyyə Şurasının sədri Bubakar Dukure iclasın işini yüksək qiymətləndirib. O, tədbirin böyük mədəniyyətə malik İslam ölkələri arasında elm, təhsil və mədəni əlaqələrin güclənməsinə dəyərli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

ISESCO İcraiyyə Şurasının sədri qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycanda olmasından qürur duyduğunu diqqətə çatdırıb. O, İcraiyyə Şurasının 36-cı iclasının yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və bütün xalqımıza öz minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO İcraiyyə Şurasının 36-cı iclası çərçivəsində elm, təhsil və mədəni əməkdaşlıq sahələrində ölkələrimizin inkişaf istiqamətlərini təmin edəcək müzakirələrin aparıldığını qeyd edib. Nazir deyib: “İslam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin inkişafına daim öz dəstəyini verir. Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsindən sonra daha uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyədədir”.

Ə.Qarayev vurğulayıb ki, ISESCO İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün də mühüm bir imkandır. O, qonaqlara ölkəmizin mədəniyyəti, tarixi və müasir inkişafını təqdim etmək məqsədilə mədəni proqramın təşkil olunduğunu, iştirakçılara muzeylər, teatrlar, həmçinin Heydər Əliyev Mərkəzi və Qafqazın ən böyük məscidi olan Heydər məscidi ilə tanışlıq imkanı yaradılacağını diqqətə çatdırıb.

İclasa qatılan hər kəsə minnətdarlığını bildirən nazir Bakıda ISESCO-nun 12-ci baş konfransının da yüksək səviyyədə keçirilməsi üçün geniş hazırlıq işlərinin görüldüyünü deyib.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanda keçirilən iclası məhsuldar və əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi qiymətləndirib. Qeyd edib ki, baş konfransın Azərbaycanda təşkil olunması təşkilatla gözəl əməkdaşlığın göstəricisidir.

“İcraiyyə Şurasının iclası üç illik fəaliyyətin yekununa və 2016-2018-ci illər üçün yeni tədbirlər planın hazırlanmasına öz töhfələrini verib. Biz artıq yeni mərhələnin başlanğıcındayıq. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimiz böyükdür. İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib ölkələrimizin inkişafına nail olmalıyıq”, - deyə baş direktor əlavə edib.

İclasın yüksək səviyyədə keçdiyini vurğulayan Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib.

Xatırladaq ki, ISESCO-nun 12-ci baş konfransı noyabrın 26-da Bakıda işə başlayacaq.
Diaspora