Dekabrın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
QAZİLER.AZ xəbər verir ki, muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə sənətkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açılacaq, repertuarından seçilmiş mahnılar səsləndiriləcək.Qeyd edək ki, zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünsüzdür. Rəşid ifaçılığında hisslər təbii və dolğun, olduğu qədər də səmimidir. Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı. O, adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazdıra bildi. Qərinələr, əsrlər ötəcək, amma Rəşid Behbudov sənətinə sevgi və məhəbbət heç vaxt azalmayacaq.