“Bu, Mənsum İbrahimov və Nəzakət Teymurovaya qarşı qarayaxma kampaniyasıdır”

“Bu, Mənsum İbrahimov və Nəzakət Teymurovaya qarşı qarayaxma kampaniyasıdır” backend

Xalq artistləri - Mənsum İbrahimov və Nəzakət Teymurovanın “Leyli və Məcnun” operasında əsas rolları ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər muğam sənətçilərinin bu rolları ifa etməsini yüksək sənətkarlıq kimi qiymətləndirsə də, digərləri artıq gənc ifaçılara yol verilməsinin vaxtının çatdığını düşünür. 

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan Akademik Opera və Balet Teatrının gənc solistləri sosial mediada yayılan fikirlərlə razılaşmadıqlarını qeyd ediblər. 

Hazırda Leyli obrazını ifa edən Əməkdar artist Arzu Əliyeva yaranmış vəziyyətin məqsədli şəkildə sənətkarların nüfuzuna zərbə vurmaq cəhdi olduğunu bildirib:

“Bu məsələ, məncə, Mənsum müəllim və Nəzakət xanıma qarşı irəli sürülən əsassız bir qarayaxma kampaniyasıdır. Onların gənclərə verdiyi dəstəyi sənət aləmində hər kəs yaxşı bilir. Mən özüm də gənc solist kimi bir çox rollarda çıxış etmişəm. O cümlədən, bu ilin əvvəlində, 18 sentyabr – Milli Musiqi Günü münasibətilə Şuşada baş tutan “Leyli və Məcnun” tamaşasında Leyli rolunu ifa etmişəm. Həmin tamaşada mənimlə bərabər Əməkdar artist Elnur Zeynalov da çıxış edirdi. Teatrda bütün solistlər arasında rollar ədalətli şəkildə bölüşdürülür.

Mənsum müəllim və Nəzakət xanım ildə maksimum bir-iki dəfə “Leyli və Məcnun” tamaşasında çıxış edirlər. Halbuki bu tamaşa il ərzində 15, bəzən 20 dəfə nümayiş olunur. Binamız hazırda təmirdədir və biz qonaq kimi Opera Studiyasında məhdud sayda tamaşa təqdim edirik. Buna baxmayaraq, kifayət qədər Leyli və Məcnunlarımız var və hər bir solist ildə azı bir neçə dəfə bu obrazları ifa edir. Onların səhnəyə yaraşıb-yaraşmaması barədə söz-söhbətlər yersizdir. Səhnəyə yaraşdıqları üçün, onların çıxışları təkcə biz gənclər üçün yox, ümumilikdə musiqisevərlər üçün də çox önəmlidir. Onların ifasında bu əsər tamam fərqli bir ahəng alır”. 

Məcnun obrazını ifa edən Əməkdar artist Elnur Zeynalov isə deyir ki, elə operaya Mənsum bəyin dəstəyi ilə gəlib:

“2008-ci ildən Opera və Balet teatrının solistiyəm. Müəllimim Xalq artisti Arif Babayev olub. Amma məni ilk dəfə Opera Teatrına aparıb təqdim edən elə Mənsum müəllimin özü olub. Birinci kiçik rollardan başlamışam, daha sonra isə baş rolları ifa etmişəm. O vaxt Mənsum müəllim məni təqdim etməsəydi, bu gün bunlar olmazdı. Bu özü elə gənclərə dəstəkdir. Təkcə mənə yox, başqalarına da bu dəstəyi göstərib. Mənsum müəllim və Nəzakət xanımın “Leyli və Məcnun” operasında əsas rolları ifa etməsi biz gənclər üçün bir nümunədir. Onların tamaşasının afişası vurulur və iki-üç gün ərzində biletlər bitir”. 

Xanəndə Rəvanə Əmiraslanlı da Leyli obrazını ifa edən gənc solistlərdəndir. O bildirir ki, günlərdir davam edən bu müzakirələr onlara xoş təsir etmir:

“2017-ci ildən Opera və Balet Teatrının solistiyəm. Buna baxmayaraq, üç əsas əsərin baş rol ifaçısıyam. Bu da bizə olan dəstəyin göstəricisidir. Ortalıqda gəzən bu söz-söhbət heç xoş deyil. Bu söhbətləri yaradan insanlar həqiqətən tamaşa, opera, teatr sevən və gəlib izləyən tamaşaçılar olsaydılar, bilərdilər ki, burada əsərləri müntəzəm olaraq biz gənclər ifa edirik. Mənsum müəllim və Nəzakət xanım həmişə bizim tamaşalara gəlirlər. İstər kulisdə, istərsə də səhnədə bizə dəstək olurlar”. 

Xanəndə Xəyal Hüseynov da həmkarları ilə eyni fikirdədir. O bildirir ki, Mənsum İbrahimovun Məcnun obrazını canlandırması gənclər üçün bir “Master Klass”dır:

“Biz həmişə onların dəstəyini görmüşük. Mən özüm opera səhnəsində baş rolların ifaçısıyam. Bütün bunlarda Mənsum müəllimin rolu olub. Biz ona baxıb öyrənmişik. Tamaşalarımızı izləyib və bizə öz məsləhətlərini verib”. 

Məsələ ilə bağlı Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev də fikirlərini bildirib. O qeyd edib ki, söz-söhbətə səbəb olan o tamaşanın salınmasına səbəb elə tamaşaçıların istəyi olub:

“Mənsum bəy ilk dəfə 1992-ci ildə bu obrazı canlandırıb. Ondan sonra teatra  6-7 gənc “Məcnun” gəlib. Bu gün də gənclər gəlir. Bu o demək deyil ki, Mənsum bu obrazı ifa edirsə, biz başqalarına imkan vermirik. Əksinə, Mənsum oynayır, ondan sonra gələnlərə də nümunə olur. O ildə bir dəfə oynayır. Elə il olur ki, heç oynamır. Sonuncu, hansı ki, söz-söhbətə səbəb olan o tamaşanın da salınmasına səbəb elə tamaşaçıların istəyi olub. Tamaşanın biletləri 3 günə bitmişdi. Bu da göstərir ki, insanlar onların ifasını sevir, onlara dəyər verir. Mənsum və Nəzakətin ifası hələ də, yüksək dəyər daşıyır. Yaxın günlərdə Heydər Əliyev Sarayında baş tutacaq tamaşaya biletlər artıq tükənmək üzrədir”.

Diaspora