İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurasının (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) ilə əməkdaşlıq edərək Beynəlxalq Ev-Muzey Günlərinin ilk buraxılışını elan edib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyindən verilən məlumata görə, tədbirin məqsədi tarixi şəxslərə aid evləri və onların irsini tanıtmaqdır.
Beynəlxalq Ev-Muzey Günləri çərçivəsində aprelin 5-6-da dünyanın müxtəlif ev-muzeylərində xüsusi proqramlar keçirilib. Bu il ilk dəfə olaraq ölkəmiz də bu tədbirə qoşulub.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Beynəlxalq Ev-Muzey Günləri” çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. Belə ki, aprelin 5-də muzeydə açıq qapı günü elan olunub. Gün ərzində muzeyə gələn çoxsaylı ziyarətçilərə muzeyin peşəkar əməkdaşları tərəfindən Azərbaycan, rus və ingilis dillərində ekskursiyalar keçirilib. Aprelin 6-da isə “Muzeydə canlanan melodiyalar” adlı klassik musiqi konserti təşkil olunub. Qonaqlar Azərbaycan Milli konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Q.Qarayev, A.Rzayev, C.Cahangirov, F.Mendelson kimi bəstəkarların unudulmaz əsərlərinə qulaq asıblar.
Tədbirdə qonaq qismində muzeyin müxtəlif ölkələrdən olan ziyarətçiləri, musiqisevərlər iştirak ediblər.
