Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində fevralın 24-ü “Xəzər virtuozları” kamera orkestri klassik musiqi proqramı ilə çıxış edib.
Konsertdən əvvəl qonaqları salamlayan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, uzun zamandan bəri Avropanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənc musiqiçilərin iştirakı ilə konsert layihəsinin həyata keçirilməsi ideyası mövcud idi. Mədəniyyət Mərkəzinin və Vyanada təhsil alan gənclərimizin təşəbbüsü və birgə əməyi nəticəsində azərbaycanlı və xarici ölkə tələbələrindən ibarət “Xəzər virtuozları” adlı kamera orkestri meydana gəlib. Gənc və talantlı musiqiçilərdən ibarət bu orkestrin gələcəkdə böyük uğurlara imza atacağına əminliyini ifadə edən L.Qasımova konsert proqramının unikal xüsusiyyətlərinə də diqqəti yönəldib. Bildirilib ki, bu axşamkı konsertdə Azərbaycan bəstəkarlarının bir sıra əsərləri Avropada ilk dəfə səsləndiriləcək və bu əsərlərdə müxtəlif musiqi janrlarının çalarları öz əksini tapıb.O, həmçinin qeyd edib ki, bu kimi layihələrin həyata keçirilməsi Azərbaycan musiqisini Avropada tanıtmaqla yanaşı, gənc musiqiçilərin öz avropalı həmkarları ilə birgə əməkdaşlığını inkişaf etdirməyə xidmət edir.
Vyana Konservatoriyasının tələbəsi Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə baş tutan konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, Adil Bəbirov, Vaqif Mustafazadənin əsərləri ifa olunub.
Dirijor M. Mehmandarov orkestri təqdim edib və görkəmli bəstəkar Qara Qarayevin “Matəm odası” əsərinin bu günlərdə 23-cü ildönümü qeyd olunacaq Xocalı faciəsinə həsr olunduğunu bildirib.
Solistlər Azərbaycanın əməkdar artisti, prezident təqaüdçüsü Afaq Abbasova (vokal), Emil Bağırov (klarnet) və Müşfiq Quliyevin (fortepiano) ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.